Övladlığa uşaq götürmək istəyən valideyn-namizədin təlimlərə cəlb edilməsi qaydası açıqlanıb.
Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn-namizədlə aparılan müsahibəyə dair sosial işçilərin ilkin qiymətləndirmə rəyi və maddi-məişət şəraitinin müayinəsinin nəticələrinə dair akt əsasında üç iş günü müddətində müsahibənin nəticələrinə dair qərar qəbul edir.
Müsahibədən keçmiş valideyn-namizəd 10 iş günü müddətində Nazirliyin təşkil etdiyi, müddəti 30 gündən çox olmayan təlimlərə cəlb edilir. Təlimin mövzularını və proqramlarını Nazirlik hazırlayır.
Təlimin sonunda valideyn-namizədin aşağıdakı meyarlar üzrə qiymətləndirilməsi aparılır və qiymətləndirmənin nəticələrinə dair hesabat tərtib edilir:
Övladlığagötürmə ilə bağlı valideyn-namizəddə özünəinam və özünüdərk səviyyəsi; valideyn-namizədin övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma səviyyəsi; övladlığagötürmə ilə bağlı valideyn-namizədin motivasiyası; valideyn-namizədin valideynlik bacarıqlarının inkişaf səviyyəsi; valideyn-namizədin övladlığa götürülən uşağın tərbiyəsi zamanı yarana biləcək problemlərin həlli ilə bağlı qərar qəbul etmək bacarığı.
Bu Qaydaya uyğun olaraq övladlığagötürmə ilə əlaqədar təlimdən keçmiş valideyn-namizəd, övladlığagötürmə ilə bağlı təkrar müraciət etdikdə, övladlığagötürmənin təlim mərhələsindən azad olunur.