Ölkədə sosialyönümlü siyasətin həyata keçirilməsi səhiyyənin inkişaf etdirilməsinə və əhalinin sağlamlığının qorunması problemlərinin həll edilməsinə geniş imkan yaradır. Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği ildən-ilə artır. 2019-cu ildə əvvəlki illə müqayisədə bu vəsaitin məbləği 46,9 faiz artırılaraq 1042,5 milyon manata çatdırılıb.
Fins.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.
Hesabatda bildirilib ki, səhiyyəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib.
Qeyd olunub ki, səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsidir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildən ölkədə icbari tibbi sığortanın inzibati ərazi vahidləri üzrə mərhələli şəkildə tətbiqinə başlanılıb. Bu prosesin cari ilin sonunadək tamamlanması nəzərdə tutulub.
© Azərtac