RƏSMİ

20 Dekabr

İlham Əliyevdən Xoşbəxt Yusifzadə ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

2020-ci ilin yanvar ayında tanınmış neftçi-alim və geoloq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, iki dəfə respublika Dövlət Mükafatı və Heydər Əliyev Mükafatı laureatı, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin 90 yaşı tamam olur. 

Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb.

Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilib istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi vardır. Geoloq-alimin neft və qaz sənayesinin aktual problemlərinin həllinə dair araşdırmaları layiqincə qiymətləndirilib.