RƏSMİ

19 Dekabr

Özəl məhkəmə ekspertizası - YARADILIR - SƏRƏNCAM

Prezident İlham Əliyev “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmanda bildirilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun 2020-ci il martın 1-dən tətbiqini təmin etmək məqsədilə qərara alıram:

  • Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. iki ay müddətində:

1.1.1. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin altıncı hissəsinin birinci cümləsinə uyğun olaraq, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.2. həmin Qanunun 11-ci maddəsinin onuncu hissəsinə uyğun olaraq, məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.3. həmin Qanunun 11-2-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.4. həmin Qanunun 11-3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.5. həmin Qanunun 23-cü maddəsinin beşinci hissəsinə uyğun olaraq, məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.6. həmin Qanunun 11-ci maddəsinin on dördüncü hissəsinə uyğun olaraq, məhkəmə ekspertinin etik davranış kodeksini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 11-4-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 11-5-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

  • “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 31; 2001, № 6, maddə 415; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 224; 2011, № 10, maddə 889; 2014, № 4, maddə 370) aşağıdakı dəyişikliklər edilsin:

2.1. Fərmanın adında, preambulasında, birinci hissəsinin ikinci və dördüncü abzaslarında “Dövlət məhkəmə” sözləri “Məhkəmə” sözü ilə əvəz edilsin;

2.2. həmin Fərmanın 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin altıncı hissəsinin birinci cümləsində, onuncu hissəsində, on dördüncü hissəsində, 11-2-ci maddəsinin üçüncü hissəsində, 11-3-cü maddəsinin ikinci hissəsində, 11-4-cü maddəsinin ikinci hissəsində, 11-5-ci maddəsinin ikinci hissəsində, 23-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;

2.3. həmin Qanunun 11-ci maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində, səkkizinci və doqquzuncu hissələrində, on birinci hissəsinin birinci cümləsində, 11-1-ci maddəsinin ikinci hissəsində, 11-3-cü maddəsinin birinci və üçüncü hissələrində, 11-4-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 11-ci maddəsinin on beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;

2.5. həmin Qanunun 11-ci maddəsinin on altıncı hissəsində və 11-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

2.6. həmin Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, məhkəmə ekspertizasının digər sahələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.7. həmin Qanunun 33-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.8. həmin Qanunun 34-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi birgə həyata keçirirlər;

2.9. həmin Qanunun 39-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının və 40-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirirlər.”.

  • Bu Fərmanın 2-ci hissəsi 2020-ci il martın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə də fərman imzalayıb:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

  • Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431, № 5, maddə 860, № 6, maddə 1044) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.15. tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edir;”;

1.2. aşağıdakı məzmunda 8.15-1-ci, 8.15-2-ci və 9.32-2-ci yarımbəndlər əlavə edilsin:

“8.15-1. özəl məhkəmə eksperti şəhadətnaməsini verir;

8.15-2. Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparır;”;

“9.32-2. Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq;”;

1.3. 9.33-cü yarımbəndə “məhkəmə ekspertizası” sözlərindən əvvəl “tabeliyində olan məhkəmə ekspertizası idarəsində” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 9.33-1 və 10.5-1-ci yarımbəndlər əlavə edilsin:

“9.33-1. tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməsinə nəzarət etmək;”;

“10.5-1. tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnamələri vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv etmək;”.

  • Bu Fərman 2020-ci il martın 1-dən qüvvəyə minir."

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu da imzalayıb.

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084; 2006, № 12, maddə 1031; 2008, № 6, maddə 462; 2011, № 7, maddə 592; 2014, № 12, maddə 1516; 2016, № 4, maddə 643; 2018, № 12 (I kitab), maddələr 2470, 2530; 2019, № 1, maddələr 5, 21, № 2, maddə 184) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 41.4-cü maddədə “qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq qurumların ekspertləri” sözləri “qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri” sözləri ilə əvəz edilsin;

1.2. 41.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“41.5. Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, ekspert ekspertiza təyin edilməsi haqqında inzibati orqanın qərarı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal inzibati orqana göndərir.”;

1.3. aşağıdakı məzmunda 41.5-1-ci maddə əlavə edilsin:

“41.5-1. Ekspertizanın aparılmasını bu Qanunun 41.5-ci maddəsində göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə inzibati orqana məlumat verilir. Bu halda inzibati orqan tədqiqatların mürəkkəblik dərəcəsini nəzərə almaqla ekspertizanın aparılması müddətinin uzadılması barədə qərar qəbul edir.”;

1.4. aşağıdakı məzmunda 41.8-ci maddə əlavə edilsin:

“41.8. Maraqlı şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi məqsədilə öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdirlər.

Maraqlı şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.

Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Maraqlı şəxsin sifarişi ilə aparılmış ekspertiza nəticəsində verilmiş ekspert rəyi inzibati orqan tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.”.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir."

***

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanununu da təsdiq edib:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1673-VQD, 1677-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 82.2-1 – 82.2-7-ci maddələr əlavə edilsin:

“82.2-1. Bu Məcəllənin 82.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlər üçün hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) onun baxdığı inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, prokurorun, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin vəsatəti ilə ekspertiza təyin edə bilər. Həmin şəxslərin vəsatəti rədd edildikdə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

82.2-2. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər qarşılıqlı razılaşma əsasında konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini hakimdən, səlahiyyətli orqandan (vəzifəli şəxsdən) xahiş edə bilərlər.

82.2-3. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertiza keçirilən zaman baxılmalı olan sualları hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim etmək hüququ vardır.

82.2-4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) müəyyən edir. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin təqdim etdiyi sualların rədd edilməsini hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) əsaslandırmağa borcludur.

82.2-5. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

82.2-6. Ekspertiza bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarının hüquqlarına riayət olunmaqla keçirilir. Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etmək hüququ vardır.

82.2-7. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq, həmçinin tədqiqat aparmaq üçün materialları məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) gətirmək mümkün deyilsə, yaxud çətinlik törədirsə, məhkəmədə, səlahiyyətli orqanda, yaxud kənar yerdə keçirilə bilər. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin kənar yerdə keçirilən ekspertizada iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər.”;

1.2. 82.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ekspert ekspertiza təyin edilməsi haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.”;

1.3. aşağıdakı məzmunda 82.6 – 82.8 və 82-1-ci maddələr əlavə edilsin:

“82.6. Ekspertizanın aparılmasını bu Məcəllənin 82.5-ci maddəsində göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti hakimlə, səlahiyyətli orqanla (vəzifəli şəxslə) yazılı formada razılaşdırılır.

82.7. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə ekspertiza təyin edilməsi haqqında qərardadın məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.

82.8. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 82.5-ci maddəsində nəzərdə tutulan müddət uzadılır.

Maddə 82-1. Şəxslərin təşəbbüsü ilə ekspertizanın aparılması

82-1.1. İnzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs və ya onun nümayəndəsi onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət etmək hüququna malikdirlər.

82-1.2. Barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin sifarişi ilə ekspertiza həmin şəxslə özəl məhkəmə eksperti və ya məhkəmə ekspertizası idarəsinin rəhbəri arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.

82-1.3. Ekspert müqavilədə göstərilən müddətdə yazılı formada rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.”.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir."