Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 112 nəfərə “Əmək veteranı” adı və vəsiqəsi verib. Nazirlikdən fins.az-a verilən məlumata görə, bunlardan 28-i qadındır.
“Əmək veteranı” adı Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” 22 sentyabr 1995-ci il tarixli qərarına uyğun verilir. Həmin qərarla təsdiq olunmuş Əsasnaməyə əsasən, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlar (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) “Əmək veteranı” adı ala bilər.
Bu ad və vəsiqə onlara işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən, pensiyaya çıxmış şəxslərə isə sonuncu dəfə işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən verilir. Hazırkı və ya sonuncu iş yeri qeyri-dövlət müəssisəsidirsə, yaxud müəssisənin yuxarı mərkəzi icra orqanı olmadıqda, işləyən, yaxud da pensiyaya çıxmış şəxslər ƏƏSMN tərəfindən “Əmək veteranı” adı və vəsiqəsi ilə təmin edilirlər.
Xatırladaq ki, “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi qaydası, bunun üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündə müvafiq alt-bölmədə yerləşdirilib.