Azərbaycanda bank müştəriləri yeni bir xidmətdən faydalana biləcək. Fins .az-ın məlumatına görə, Azərbaycan Beynəlxalq Bankı (ABB) ilk dəfə olaraq Bakı şəhərində özünün Elektron Şöbəsini müştərilərin istifadəsinə verib. Fəvvarələr Meydanında (Əliyarbəyov küçəsi 9 ünvanında) yerləşən elektron şöbə «ƏLA-Ən Lazımı Anda» brendi altında 24/7 rejimində çalışacaq.
Müasir avadanlıqlarla təmin olunmuş şöbədə müştərilər bank xidmətlərindən cəmi bir neçə dəqiqə ərzində faydalana biləcəklər.
Burada bütün bank xidmətləri göstəriləcək. O cümlədən yerindəcə kredit almaq, ödəniş kartını əldə etmək, hesab açmaq, ödənişlər aparmaq, pul köçürmək, hesaba pul yatırmaq və ya hesabdan pul çıxarmaq, hətta kredit də almaq olar.
ABB-ın İdarə heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib ki, bu şöbə öz texniki imkanlarına görə təkcə Azərbaycanda yox, ümumilikdə MDB məkanında ən müasirdir. Belə ki, müştəri ƏLA matik avadanlığından istifadə edərək bankın əməkdaşı ilə video əlaqə yarada və lazımı bank əməliyyatlarını asanlıqla həyata keçirə bilər.
Gecə vaxtıda kredit götürə biləcəksiz
Ən maraqlısı isə odur ki, burada sadalanan bank xidmətlərindən şöbədə bütün gün ərzində, hətta gecələr də istifadə etmək olar. Bütün banklar bağlı olanda ABB bankı müştərilərinə xidmət göstərəcək. Gecə saatlarında bankdan kredit də götürmək mümkün olacaq. Belə ki, müştərilər şöbədən 8937 qısa nömrəsinə göndərilən bir SMS vasitəsilə ƏLA kredit kartı sifariş edib lazımi məlumatları şöbəyə təqdim edəcəklər. Məlumatlar təhlil edildikdən sonra kreditin verilib verilməməsi barədə qərar qəbul edilir.
Qərar müsbət olduqda müştərinin telefonuna SMS göndərilir və həmin şəxs sutkanın istənilən vaxtında, hətta gecə saatlarında da şöbəyə yaxınlaşaraq bir neçə dəqiqəlik rəsmiləşdirmədən sonra kreditini ala biləcək.
Şöbədəki ƏLA köçürmə sistemi vasitəsilə isə ölkənin istənilən nöqtəsinə axşam və gecə saatlarında da pul köçürmək olar. Müştəri sadəcə ƏLAmatik avadanlığına əskinasları yerləşdirib xüsusi kod alır, vəsaiti alacaq şəxs isə pul məbləğini həmin kod ilə ABB-nin istənilən bankomatdan dərhal götürə bilər.
Geələr işləyəcək daha bir filial – ABB-24
Qeyd edək ki, ƏLA xidmətlərdən təkcə ƏLA elektron şöbəsində yox bankın yeni açılacaq və həftənin 24/7 rejimində çalışacaq «ABB-24» filialında da faydalanmaq mümkündür. «ABB-24» filialı bankın baş ofisində yerləşəcək.
ƏLA xidmətlər çeşidinə həmçinin ƏLAxətt (müştəri ilə videoəlaqə əsasında qurulan qaynar xətt), ƏLAvə (mobil applikasiya), ƏLA çatdırılma (ödəniş kartının müştərinin ünvanında təcili çatdırılması), ƏLAdepozit və ƏLAc krediti (mövcud kreditlərin yenidən maliyyələşdirilməsi) daxildir.