30 Oktyabr

“Dekabank” ehtiyata pul yığır

2015-ci ilin yekununa görə, “Dekabank”ın cəmi aktivləri 394,1 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ilin 9 ayının yekunları ilə müqayisədə 2,2 dəfə çoxdur. Yəni, təkcə bir rüb ərzində bank aktivlərini 213 milyon manata yaxın artırıb. Artım öhdəliklərin kəskin artması hesabına baş verib.

Öhdəlikləri 3 dəfə artıb

Belə ki, “Dekabank”ın cəmi öhdəlikləri 3 aya 2,9 dəfə artaraq 337 milyon manata çatıb. Manatın ucuzlaşdırılması fonunda bankın cəmi kapitalı isə 13,2% azalaraq 57,1 milyona düşüb.

Kredit portfeli 2 dəfədən çox böyüyüb

İlin sonuna, “Dekabank”ın kredit portfeli 386,7 milyon manat təşkil edib. Bu isə əvvəlki rübün yekununa nisbətən 2,3 dəfə çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 52,3% azalaraq 6,4 milyon manat olub. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 7,6%-dən 1,7%-ə düşüb. “Dekabank”ın depozit portfeli isə 3-cü rübün yekunu ilə müqayisədə 21,2% artaraq 8,7 milyon manat olub.

Valyutaya görə 1 milyon manatdan çox ziyana düşüb

2015-ci ilin 4-cü rübündə “Dekabank”ın faiz gəlirləri 3,4 milyon manat, faiz xərcləri 1,3 milyon manat, qeyri-faiz gəlirləri təşkil edib. Bank hesabların aparılmaıs üzrə xidmətlərdən 250 min manat qazansa da, dekabrda manatın məzənnəsinin kəskin dəyişməsinə görə 1,1 milyon manat ziyana düşüb. Son nəticədə bankın qeyri-faiz gəlirləri olmayıb. Əvəzində qeyri-faiz əməliyyatlarına “Dekabank” 0,5 milyon manat xərc çəkib.

Beləliklə, bankın xalis əməliyyat mənfəəti təxminən 0,7 milyon manat olub. Amma bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 8,7 milyon vəsait yönəldib. Bununla da “Dekabank” rübü 8 milyon manata yaxın ziyanla başa vurub. Bu isə onun məcmu kapitalındakı azalma qədərdir. Xatırladaq ki, 2015-ci ilin 3-cü rübünün yekunlarına görə, “Dekabank” 8 milyon manata yaxın mənfəət əldə etdiyini açıqlamışdı.