Maliyyə naziri Samir Şərifov dollar krediti götürən və devalvasiya nəticəsində zərərlə üzləşən müştərilərə güzəşt olub olmaması ilə bağlı hökumətin mövqeyini açıqlayıb. Xatırladaq ki, bəzi millət vəkilləri belə müştərilərə güzəşt ediləcəyi ilə bağlı hökumətdə razılığın əldə edildiyini bildirmişdi. Maliyyə naziri isə belə bir razılaşmanın olduğnu təkzib edib. Onun sözlərinə görə, bank müştərilərinin bir qrupuna güzəşt edilməsi sosial ədalət prinsipinin pozulmasına və ayrı-seçkiliyə səbəb ola bilər: «Bizdə olan məlumata görə, kredit götürənlər gözləmə mövqeyindədir ki, güzəşt olacaq. Buna görə ödəmir. Digər tərəfdən hər bir kəs kredit götürərkən hansı valyutada götürdüyünü bilir».
S.Şərifov onu da bildirib ki, müştərilərin bir qisminə güzəşt edilməsi digər müştərilər üçün problem yarada bilər: «Banklar xeyriyyə təşkilatı deyil. Onlar bir tərəfdən kredit verirsə, digər tərəfdən sizdən əmanət alır. Dövlət kompensasiya məsələsində əhaliyə sosial yardımlar verir. Həm də qeyd olunan məbləğ çox böyükdür».
Nazirin sözlərinə görə bu məsələ bank və müştərilərin arasında həll edilməlidir, o cümlədən banklar müştərilərinə müəyyən güzəştlər edə bilərlər: «Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə, heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə banklara Mərkəzi Bank da güzəşt edə bilər».