“Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyamızın ləğv edilməsi ilə bağlı heç bir əsas görmürük”. Bunu fins.az-a açıqlamasında “Günaybank”ın İdarə Heyətinin üzvü Sabir Ağayev deyib. “Ölkədəki bankların ardıcıl olaraq bağlanması fonunda “Günaybank” üçün belə bir risk varmı?” sualını cavablandıran Sabir Ağayev bildirib ki, təmsil etdiyi bankın maliyyə göstəriciləri normaldır, odur ki, bağlanma ehtimalı yoxdur: “Bizim məcmu kapitalımız yerindədir, AMB-nin tələbinə tam cavab verir. Doğrudur, devalvasiyadan sonra bir qədər ziyana düşdük, kapitalımız azaldı, amma yenə də 50 milyon manatdan aşağı düşmədi. Kapital azalması da bütün banklar baş verdi, normal bir haldır. Hal-hazırda bizim bank bəzi banklar kimi lap güclü olmasa da, hər halda orta səviyyəli bankdır və bazarda mövcudluğunu davam etdirə bilər”. Sabir Ağayev Azərbaycanda yaranmış iqtisadi cəhətdən çətin şəraitdə “Günaybank”ın konsolidasiyaya getməsi məsələsinə də aydınlıq gətirib: “Hələ ki, bizim üçün bu məsələ gündəmdə deyil, ehtiyac da görmürük. Heç AMB tərəfindən də bizim banka birləşmək təklifi edilməyib”.