30 Oktyabr

Sabahdan "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya ödənişinə başlanacaq

Sabahdan lisenziyası ləğv olunan "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə kompensasiyanın ödənilməsinə başlanacaq.

Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

"Bank of Azerbaijan"da 24 mln. manat kompensasiya olunan əmanət var. Bankdakı əmanətçilərin ümumi sayı 7 342 nəfər olsa da, bunun yalnız 6 599 nəfəri kompensasiya alacaq.

Kompensasiya ödənişləri üçün bank- agent kimi "Muğanbank" ASC, Naxçıvan üzrə isə "Rabitəbank" ASC seçilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalın adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Bank of Azerbaijan" ASC-nin bank lisenziyası ləğv edilib və bu tarixdən etibarən banka müvəqqəti inzibatçı təyin edilib.

Qeyd edək ki, yanvarın 22-də isə "Bank of Azerbaijan" ASC ilə bağlı sığorta hadisəsi olub və ƏSF "Bank of Azerbaijan"da 30 min manata qədər qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 100%-i həcmində kompensasiya ödəniləcəyinə təminat verib.