30 Oktyabr

“ParaBank” kreditləri nə üçün dayandırıb? - AÇIQLAMA

“Para Bank” ASC-nin kreditlərin verilməsini dayandırdığı və Bankda yoxlamaların başladığı bildirilir.

Fins.az-ın “Marja”-ya istinadən verdiyi məlumata görə, kreditlərin verilməsinin dayandırılması və yoxlamaların aparılması Bankın lisenziyasının ləğv olunacağı və ya digər bir bank ilə birləşəcəyi ilə bağlı ola bilər.

“Para Bank” ASC-nin İcraçı direktoru Cəlal Nağıyev bildirib ki, müştərilər təşvişə düşməsinlər, kreditlərin dayandırılması likvidliyin qorunması ilə bağlıdır:

“Hazırda "Para Bank”da yoxlama aparılmır, bu məlumat doğru deyil. Kreditlərin verilməsinin dayandırılmasına gəldikdə isə, bu likvidliyin qorunması ilə bağlıdır. Bu günlər Mərkəzi Bank bir sıra bankların lisenziyalarını ləğv etdikdən sonra Azərbaycanda əmanətçilər təşviş içindədirlər. Ehtimal edirik ki, bizim əmanətçilərdən də təşvişə düşənlər ola bilər və onlar əmanətlərini vaxtından əvvəl geri götürə bilərlər. Əmanətçilərin pullarını problemsiz qaytarmağımız üçün nağd vəsaitləri kredit kimi ayırmağı dayandırmışıq. Hələlik kreditlərin 4 gün dayandırılması nəzərdə tutulub, lakin vəziyyəti izləyirik, proses uzanarsa biz də müddəti artıra bilərik”.

Cəlal Nağıyev "Para Bank"ın lisenziyasının ləğv edilməsini gözləmədiklərini və Bankın birləşməsi barədə bu günə məlumatlı olmadığını dedi.

Cəlal Nağıyev qeyd etdi ki, bir sıra müştərilərdə narahatçılıq "Para Bank"da problemli kreditlərin artması ilə də bağlı ola bilər. Onun sözlərinə görə, problemli kreditlərin artması çoxlarının gözləmə mövqeyi tutması ilə bağlıdır. Qarşıdakı bir neçə ayda vəziyyət sabitləşəcək və problemli kreditlərin məbləği də azalacaqdır.

VERDİYİ KREDİTLƏRİN 16%-DƏN ÇOXU “BATIB”

“Para Bank”ın Yanvarın 27-də açıqladığı məlumata görə, Bankın kredit portfelinin strukturunda ödəmə vaxtı keçmiş kreditlərin həcmi hesabat dövrü ərzində 3,33 dəfə artaraq 31,135 mln. manata çatıb. Bu məbləğ Bankın 190,705 mln. manat kredit portfelinin 16,3%-nə bərabərdir. Bankın depozit portfeli ötən ilin sonunda 100,954 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 98,533 mln. manata bərabər olub.

İLİ ZƏRƏR İLƏ BAŞA VURUB, MƏCMU KAPİTALI AZALIB

Bir il ərzində bankın məcmu kapitalı 2,4% azalaraq 51,329 mln. manata düşdüyü halda, nizamnamə kapitalı 6,34% artaraq 38 mln. 887 min manat təşkil edib.

2014-cü il ilə müqayisədə 2015-ci ildə bankın gəlirləri 2,44% azalaraq 32,534 mln. manat, xərcləri isə 9,27% azalaraq 32,955 mln. manat təşkil edib.

Ötən ili bank 422 min manat zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 16 filialı, 16 bankomatı, 200 POS-terminalı fəaliyyət göstərir.

“Parabank” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin IV rübündə 190,705 mln. manat təşkil edib .