2015-ci ilin yekununa görə, “Rabitəbank”ın aktivləri 450,7 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 47,8% çoxdur. İl ərzində bankın cəmi öhdəlikləri 61,3% artaraq 389,7 milyon manat, cəmi kapitalı isə 4,4% artaraq 61 milyon manat təşkil edib.
Problemli kreditləri kəskin artıb
İlin yekununa görə, “Rabitəbank”ın kredit portfeli 1,9% artaraq 233,5 milyon manata çatıb. Bankın vaxtı keçmiş kreditləri isə 38,3% artaraq 13,9 milyon olub. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 4,4%-dən 6%-a yüksəlib. 2015-ci ildə bankın depozit portfeli isə 46,9% artaraq 223,9 milyon manat təşkil edib.
Mənfəəti 26% azalıb
Hesabat dövründə “Rabitəbank”ın faiz gəlirləri 19,1% azalaraq 36,9 milyon manat, faiz xərcləri 21,4% artaraq 15,5 milyon manat, qeyri-faiz gəlirləri 2,3 dəfə artaraq 16,2 milyon manat, qeyri-faiz xərcləri isə 20,8% artaraq 3 milyon manat olub. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 34,5 milyon manat təşkil edib. Bunun 12,3 milyon manatı inzibati xərclərə, 19 milyon manatı isə ehtiyatların yaradılmasına, 0,9 milyon manatı isə mənfəət vergisinin ödənilməsinə yönəldilib. Beləliklə, “Rabitəbank” 2015-ci ili 2,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə 2014-cü illə müqayisədə 26% azdır.