Azərbaycanda xariclə valyuta ödənişlərində bəzi yeniliklər tətbiq ediləcək. Fins.az-ın məlumatına görə, bu "Valyuta tənzimi haqqında" Qanuna edilən dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərə əsasən, Azərbaycana əvvəllər köçürülmüş və ya nağd şəkildə gətirilmiş xarici valyutanın fiziki şəxs olan rezidentlər tərəfindən gömrük prosedurlarına əməl edilməklə Azərbaycandan nağd şəkildə çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
Qanunun 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər (dövlətin payı olan təşkilatlar istisna olmaqla) ölkədən kənara valyuta çıxardığı hallarda icbari yığımı ödəməli olacaqlar. İcbari yığımın məbləği əməliyyatın 20%-i qədər olacaq.
Xaricə investisiya qoyuluşundan vergi – 20%
Belə ki, rezident və qeyri-rezident fiziki və hüquqi şəxsin (banklar və sığorta təşkilatları istisna olmaqla) birbaşa investisiya (gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə) əməliyyatı üzrə - əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;
Xarici qiymətli kağızlara investisiyadan – 20%
rezident və qeyri-rezident fiziki və hüquqi şəxs (banklar və sığorta təşkilatları istisna olmaqla) tərəfindən qiymətli kağızların əldə edilməsi əməliyyatı üzrə - əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;
Xaricdə əmlak alışı üçün köçürmələrdən – 20%
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxs tərəfindən torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların əldə edilməsi əməliyyatı üzrə - əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;
Xaricdəki müəsisələrə pul köçürmələrdən - 20%
rezident hüquqi şəxsin Azərbaycandan kənarda yerləşən törəmə cəmiyyətləri, filial, nümayəndəlik və digər sruktur bölmələrinə köçürmələr üzrə - təqvim ili ərzində 50 (əlli) min ABŞ dolları ekvivalentindən yuxarı məbləğin 20 (iyirmi) faizi miqdarında.