23 Oktyabr

Tramp-Putin görüşünün ləğvini o istəyib - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın Macarıstanda planlaşdırılan görüşü ləğv edilib. Tramp görüşün keçirilməməsini “lazımi məqsədə çatmaq mümkün olmayacaq” sözləri ilə əsaslandırıb.

 

Bu qərar Qərb-Rusiya münasibətlərində gərginliyin davam etdiyini göstərir. İndi diqqətlər ABŞ-nin atəşkəs təşəbbüslərinə qarşı tutacağı yeni mövqeyə yönəlib.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elman Vəliyev bildirib ki, bu görüşün ləğv edilməsində əsas səbəb Putindir. Onun sözlərinə görə, ABŞ dövləti bu görüşün baş tutmasını istəyir, çünki, hazırda Amerika özünü beynəlxalq konfliktlərdə əsas dominant güc kimi göstərməyə çalışır:

 

 

“Yəni, Trampın vasitəsilə dünyaya belə bir mesaj vermək istəyirlər ki, konfliktlərdə, müharibələrdə atəşkəs elan edə biləcək, sülh bağlaya biləcək yeganə qüvvə Amerikadır. Bu da ABŞ-nin beynəlxalq sistemdə reputasiyasını artırdı”.

 

Politoloqun fikrincə, Putinin istəkləri tam yerinə yetirilmir:

 

“Tramp, Volodimir Zelenski və Vladimir Putinlə görüşdükdə, onlara qarşılıqlı güzəşt təklifi etmişdi. Yəni, hər iki tərəf bir-birinə güzəştdə getsin. Rusiya buna razı deyil, çünki atəşkəs elan olunarsa, qazanclı tərəf Amerika olacaqdı. Necə ki, İsrail və HƏMAS arasında olan atəşkəsdə, Ermənistan və Azərbaycan arasında olan atəşkəsdə qazanclı tərəf ABŞ oldusa, burada da eynisi olacaq. Ona görə də, Rusiya buna razı deyil. ABŞ-nin atəşkəs üçün mövqeyi məsələsinə gəldikdə, Ukrayna ABŞ üçün çox da önəmli deyil. Əsas ABŞ-nin dominant güc olmasıdır”.

 

Müsahibimiz əlavə edib ki, Ukrayna və Rusiya üzərindən Amerikanın əsas hədəfi Çin olmalıdır. Rusiya ABŞ ilə başa-baş gələsi qüvvədə deyil. Əsas potensial təhlükə Çindir. Hədəfi Çinə yönəltməlidirlər.

 

Niyaz Hacıyev

Sfera.az