23 Oktyabr

"Rusiyaya qarşı sanksiyalar davamlı olacaq" - AÇIQLAMA

ABŞ Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə gücləndirildiyini elan etməyə hazırlaşır. Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent açıqlama verib. Yeni sanksiyaların Rusiyanın enerji sektoruna və iqtisadi dayaqlarına ciddi təsir göstərəcəyi gözlənilir.

 

Politoloq Yusif Bağırzadə Sfera.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə ABŞ-Rusiya münasibətləri son illərin ən gərgin dövrünü yaşayır:

 

 

“ABŞ artıq Rusiyanın nəhəng neft şirkətləri olan “Rosneft” və “Lukoil”ə qarşı sanksiyaların tətbiqinə dair bəyanat verib. Hazırda Senatda 85 senatorun imzası ilə bu istiqamətdə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Qanun layihəsi Rusiyaya qarşı daha kəskin sanksiyaların tətbiqini nəzərdə tutur. Xüsusilə Rusiyadan neft alan istənilən dövlət və ya şirkətə 500 faizlik maliyyə sanksiyası tətbiq olunması müzakirə olunur”.

 

Ekspertin sözlərinə görə, yeni məhdudiyyətlər çərçivəsində Rusiyanın neftinin alış qiymətinin maksimum həddinin 60 dollardan 46 dollara endirilməsi də planlaşdırılır:

 

“Rusiya Ukrayna ilə sülh sazişi imzalamağa razılıq vermədiyi müddətdə həm Avropa İttifaqı, həm də ABŞ və Böyük Britaniya tərəfindən əlavə sanksiyaların tətbiqi qaçılmazdır. Artıq Aİ ayın 23-də Rusiyaya qarşı 19-cu sanksiya paketinin qəbul edilməsi ilə bağlı sənədi imzalamağa hazırlaşır. Bu sənəd kifayət qədər ciddi məzmun daşıyır. ABŞ tərəfi təklif edir ki, Aİ-yə üzv bütün ölkələr Rusiyadan neft alışını tam məhdudlaşdırsınlar. Bununla bağlı ABŞ Hindistan, Çin və Türkiyə kimi əsas enerji alıcılarına da müraciət edib. Lakin bu ölkələrin Rusiyadan neft alışını dayandırması real görünmür”.

 

Yusif Bağırzadə əlavə edib ki, ABŞ Konqresi və Senatında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyənlərin sayı sürətlə artır:

 

“Yeni qanun layihələri çərçivəsində Rusiyanın terrorçu dövlət elan edilməsi, Rusiyanın ABŞ və digər ölkələrdəki aktivlərinin Ukraynaya verilməsi, eləcə də Rusiyaya hərbi və enerji dəstəyi göstərən ölkələrə qarşı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Həmçinin Çinin Rusiyaya hərbi texnika və enerji alışı vasitəsilə yardım etməsinin qarşısının alınması istiqamətində də qərar layihəsi hazırlanır. Rusiya Xerson və Zaporojye bölgələrini nəzarətə götürmək istəyir, lakin Ukrayna buna heç vaxt razı olmayacaq. Moskvanın məqsədi ya Ukraynanın suverenliyini zəiflətmək, ya da öz maraqlarına uyğun bir hökumət formalaşdırmaqdır. Bu isə münaqişənin yaxın zamanda bitməsini mümkünsüz edir”.

 

Bəsti Rəfizadə

Sfera.az