21 Oktyabr

Sünidir yoxsa real? - Gerçəyi belə seçin

Texnologiyanın sürətli inkişafı süni intellekti həyatın bir çox sahəsinə gətirib. Artıq bu sistemlər yalnız gündəlik işlərdə deyil, media və informasiya sektorunda da mühüm rol oynayır.  Son illərdə Sİ vasitəsilə hazırlanan saxta xəbərlər, görüntülər və videolar, yəni “deepfake” texnologiyası informasiya etibarlılığına zərbə vurur.

 

Nəticədə jurnalistikanın əsas prinsiplərindən olan “doğruluq və obyektivlik” anlayışları sual altına düşür. Hətta bəzi sayt rəhbərləri xəbərləri tamamilə süni intellekt vasitəsilə yaradır və redaktə edir.

 

Mövzu ilə bağlı süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlamasında bildirib ki, yaxın gələcəkdə xəbərin özü yox, onun mənbəsinin etibarlılığı əsas göstəriciyə çevriləcək:

 

 

“Auditoriya artıq təkcə məlumatı deyil, onu təqdim edən mənbənin güvənliyini qiymətləndirəcək. Buna görə də media mühitində süni intellekt savadlılığı artıq seçim deyil, zərurətdir. Jurnalistlər Sİ-nin necə işlədiyini, məlumatı necə dəyişdirə biləcəyini anlamalıdırlar”.

 

Ümid Salay oxuculara süni intellektlə yaradılmış saxta xəbərləri tanımaq üçün bir neçə praktik üsul da göstərib:

 

“Birincisi, xəbərdə açıq və etibarlı mənbə göstərilmirsə, yaxud rəsmi istinad yoxdursa, bu, artıq şübhə doğurmalıdır. İkincisi, video analizdə perspektiv və uzunluq çox vacibdir. Əgər video 10-15 saniyədən artıq davam edir və eyni perspektivdə sabit qalırsa, bu zaman görüntünün real olması ehtimalı yüksəkdir. Çünki süni intellekt videolarında adətən uzun ardıcıl kadrları saxlamaq çətindir. Üçüncüsü, səs və dodaq sinxronu saxta görüntüləri ayırmaqda ən vacib əlamətlərdən biridir. Dodaq hərəkətləri və səs tonu arasında minimal fərq belə dərin saxtalaşdırmanı (deepfake) ifşa edə bilər. Bundan əlavə, fonda olan hərəkətlərə diqqət yetirmək lazımdır. Çox vaxt kölgə, işıq və obyektlərin ritmi real səhnələrdəki kimi təbii olmur”.

 


Mütəxəssis hesab edir ki, süni intellektin xəbər istehsalında istifadəsi tam qadağan edilməməli, amma müəyyən çərçivələr daxilində idarə olunmalıdır:

 


“Süni intellekt alətləri faktların yoxlanması, məlumatın strukturlaşdırılması və ilkin mətn hazırlığı üçün çox faydalıdır. Amma xəbərin mənəvi və etik məsuliyyəti insanın, jurnalistin üzərində qalmalıdır. Gələcəyin mediasında əsas güc “insan tərəfindən təsdiqlənmiş mənbə” anlayışı olacaq”.

 


Ü.Salayın fikrincə, süni intellekt düzgün şəkildə idarə olunsa, dezinformasiyanın deyil, şəffaf və keyfiyyətli jurnalistikanın güclü köməkçisinə çevrilə bilər.

 

Bəsti Rəfizadə
Sfera.az