ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sızan məlumatlar göstərir ki, ABŞ Zelenskinin aradan götürülməsi ilə bağlı radikal tədbirlər görə bilər.
Sfera.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Ukraynanın sabiq Baş naziri (2010–2014) Nikolay Azarov bildirib.
“Görək indi hadisələr necə inkişaf edəcək? Əgər görüşün necə keçdiyinə dair sızmalar təsdiqlənsə və Trampın mövqeyində dəyişiklik olmasa, Zelenskinin tamamilə aradan götürülməsi ilə bağlı radikal addımlar atılacaq. Belə planlar mövcuddur”, – deyə o qeyd edib.
Azarov əlavə edib ki, bu cür prosedur artıq 2010–2014-cü illərdə Ukrayna prezidenti olmuş Viktor Yanukoviçin vəziyyətində sınaqdan keçirilib.
“Bu, prinsip etibarilə mümkündür. Deputatlar arasında aktiv iş aparılır, təzyiq, hədə-qorxu, rüşvət. Çünki orada demək olar ki, prinsipial mövqe tuta bilən deputatlar yoxdur. Amerikalıların hər bir deputat barəsində müəyyən məlumatı var. Yəni, əmr verilərsə, 2014-cü ildə dövlət çevrilişi zamanı gördüyümüz kimi eyni proses təkrarlana bilər. O vaxt da amerikalılar deputatlarla işləyir, kimisə qorxudurdular, kiməsə isə pul verirdilər. İndi də belə işlərin aparılması mümkündür”, – deyə Azarov bildirib.
Qeyd edək ki, Tramp və Zelenskinin görüşü oktyabrın 17-də Vaşinqtonda baş tutub. Görüş zamanı Zelenski ABŞ-dan Tomahawk raketlərinin tədarükünə, pilotsuz uçuş aparatları və silah alınmasına dair razılıq əldə edə bilməyib.
Bununla yanaşı, Zelenskinin özü də təsdiqləyib ki, Tramp komandası görüş zamanı Ukrayna qüvvələrinin Donbasdan çıxarılması məsələsini gündəmə gətirib.
Niyaz Hacıyev
Sfera.az