20 Oktyabr

Mehdiyevin siyasi teatrı - Bir çox hadisələr səhnələşdirilirdi

Ramiz Mehdiyevin həbsi təkcə fərdi məsuliyyət məsələsi deyil. Onun illərlə dövlət strukturlarında formalaşdırdığı şəbəkə və “idarə olunan müxalifət” modeli yenidən gündəmə gəlib. Mehdiyev bu illər ərzində radikal müxalifəti siyasi balans aləti kimi saxlayır, eyni zamanda öz komandasını “hakimiyyəti qoruyan sipər” kimi təqdim edirdi. O sistemdən uzaqlaşdırıldıqdan sonra həm “süni təhlükə” ritorikası, həm də genişmiqyaslı mitinq ssenariləri dayanıb.

 

Bəs məqsəd nə idi və bunun hansı hüquqi məsuliyyəti olacaq?

 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Azərbaycan lideri daim həm daxili, həm də xarici siyasətdə böyük səriştə və peşəkarlıq ortaya qoyub, müstəqil siyasət yürüdüb. 


K.Novruzovun fikrincə, müstəqil siyasət yürüdən bir dövlət üçün belə cəhdlər istisna deyir.

 

 

"Dövlət başçısı İlham Əliyev bütün daxili və xarici maneələrə sinə gərərək Azərbaycanı daha böyük uğurlara aparır”, - deyən K.Novruzov əmindir ki, dövləti cinayət törətmək istəyən şəxslər cəzalandırılacaq və bu, digər şəxslər üçün nümunə olacaq:

 

“Ölkəmizdə heç bir cinayət cəzasız qalmır. Cinayəti törədən şəxs lazımı formada məsuliyyətə cəlb olunur. Sözügedən hal həm də digər məmur və vəzifəli şəxslər üçün nümunə olmalıdır. Heç kim vəzifəsindən sui-istifadə edə bilməz, etməməlidir. 

Bu kimi hallarda hər zaman çoxlu dezinformasiyalar yayılır. Buna görə də baş verənlərə soyuqqanlı yanaşmaq lazımdır”.


Məsələnin hüquqi tərəfi ilə bağlı saytımıza danışan vəkil Turan Abdullazadə isə xatırlatdı ki, Ramiz Mehdiyevin ittiham olunduğu maddələr ağır maddələrdir. 
Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər — on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

 

 

“Həmin Məcəllənin 274-cü maddəsinə əsasən, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Həmin Məcəllənin 193-1.3.2-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş  əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə –üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə,  yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Hüquqşünas qeyd etdi ki, onun törədilməsində təqsirləndirildiyi əməllər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqini taparsa, cinayətlərin məcmusu üzrə qeyd olunan cəzalar tamamilə və ya qismən toplanılmaqla yekun cəza veriləcəkdir.

 

Firuzə Əliyeva
Sfera.az