Oktyabrın 20-si torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin 24-cü günü kimi tarixə düşüb.
Sfera.az xəbər verir ki, 2020-ci il oktyabrın 19-u gün ərzində və 20-nə keçən gecə cəbhənin Ağdərə–Ağdam, Füzuli–Hadrut–Cəbrayıl və Qubadlı–Zəngilan istiqamətlərində döyüşlər müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmənin çoxlu sayda canlı qüvvəsi, iki ədəd “T-72” tankı, dörd ədəd “BM-21 Qrad” reaktiv sistemi, bir “D-30” haubitsa topu və beş ədəd avtomobil texnikası məhv edilib.
Ordumuzun zərbələri nəticəsində Ermənistan ordusunun 1-ci motoatıcı alayında çoxlu sayda itkilər qeydə alınıb, alay komandirinin müavini Hovik Melkumyan, Qor Mirzoyan və xüsusi təyinatlı bölmənin komandiri Vahab Asetryan zərərsizləşdirilib.
Cəbhənin digər istiqamətlərində də düşmən xeyli itki verib. 2-ci və 5-ci motoatıcı alayların bölmələri mövqelərini tərk edərək geri çəkilib. Füzuli istiqamətində əks-hücuma keçən düşmənin 30 nəfərlik qrupunun Ordumuz tərəfindən məhv edildiyi bildirilib.
246-cı alayın komandiri polkovnik Tatul Qazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də döyüşlərdə zərərsizləşdirilib.
Oktyabrın 19-da düşmən Goranboy və Tərtər rayonlarının ərazilərini raket-artilleriya atəşinə tutub. Gecə saatlarında Gəncə istiqamətində və Goranboyun Tapqaraqoyunlu kəndi üzərində Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı Azərbaycan Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub.
Qubadlı istiqamətində gedən döyüşlərdə də düşmənin canlı qüvvəsi və texnikası Ordumuzun artilleriya bölmələri tərəfindən məhv edilib.
Oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib:
“Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Beynəlxalq hüquq işləmədiyi üçün 20 il ərzində BMT-nin qətnamələri yerinə yetirilmədi. Biz düşməni buna məcbur etdik. Bizim yumruğumuz sadəcə düşmənin başını əzən yumruq deyil, bu, xalqımızın birliyini, məqsədyönlü fəaliyyətimizi və ədalət uğrunda mübarizəmizi təmsil edir”.
Prezident həmçinin “X” sosial şəbəkəsində paylaşım edərək, Zəngilan şəhəri və 24 kəndin azad olunduğu müjdəsini xalqa çatdırıb:
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Şəfərşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”
Beləliklə, Vətən Müharibəsinin 24-cü günündə dörd rayonun ümumilikdə 25 yaşayış məntəqəsi, o cümlədən Zəngilan şəhəri azadlığa qovuşub.
Niyaz Hacıyev
Sfera.az