Xəbər verdiyimiz kimi, bu gün axşam Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək. Tərəflər Rusiya-Ukrayna müharibəsində son vəziyyəti və Kiyevə əlavə hərbi dəstəyin göstərilməsini müzakirə edəcəklər. Görüş ərəfəsində Rusiya Prezidenti Vladimir Putinin Trampa zəng etməsi isə beynəlxalq diqqəti cəlb edib. Xarici ekspertlər hesab edirlər ki, Putin mümkün hərbi yardımın artırılmasından narahatdır və bu səbəbdən ABŞ-la münasibətlərdə müəyyən güzəştlərə getməyə çalışa bilər.
Sfera.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Tramp–Zelenski görüşü bu gün Vaşinqton diplomatiyasının ən maraqlı epizodlarından birinə çevriləcək.
Onun sözlərinə görə görüş öncəsi Zelenski əsas ümidini "Tomahawk" raketlərinin Ukraynaya verilməsinə bağlamışdı. Lakin Putinin Trampa etdiyi telefon zəngi bu planları demək olar ki, alt-üst edib:
“Tramp indi daha ehtiyatlı, balanslı və Rusiya amilini nəzərə alan siyasət yürüdür. Bu isə Zelenskinin gözləntilərinə zərbə vurur. Macarıstanda baş tutacaq Tramp–Putin görüşü fonunda bugünkü Zelenski ilə görüş bir növ sınaq mərhələsidir. Tramp hazırda Ukraynaya yeni silah paketi vermək istəmir, çünki bu addım Rusiya ilə münasibətləri daha da gərginləşdirə bilər. O, məsələni Moskva ilə birbaşa dialoqda müzakirə etmək istəyir. Bu taktika Trampın “vasitəçi lider” obrazını gücləndirir. Amma Zelenski üçün bu, açıq riskdir. Çünki ABŞ-nin silah yardımı dayandıqca, Ukraynanın döyüş qabiliyyəti zəifləyir. Putin bunu çox yaxşı anlayır və hər addımda Trampın tərəddüdündən istifadə etməyə çalışır”.

Politoloq düşünür ki, Tramp Ukraynanı tam itirmək istəmir, amma Moskvaya qarşı açıq cəbhə də açmaq niyyətində deyil:
“Bu, balans siyasətidir, amma bu balans Kiyevin zərərinə işləyir. "Tomahawk" raketlərinin verilməməsi Ukraynanın hava müdafiə sistemində ciddi boşluq yaradacaq. Bugünkü görüşdə Zelenski emosional, Tramp isə taktiki davranacaq. Əgər görüşdən sonra konkret qərar açıqlanmasa, bu, Putin üçün diplomatik qələbə demək olacaq”.
Müsahibimiz indi Trampın kartlarını Macarıstandakı görüş üçün saxladığını dedi:
“Ona görə də bugünkü Zelenski ilə təmas bir nəticədən çox, Trampın Moskva öncəsi mövqeyini müəyyənləşdirəcək sınaq görüşüdür”.
Niyaz Hacıyev
Sfera.az
