Ukrayna ordusunda şəxsi heyət çatışmazlığı səbəbindən evsizlərin hərbi xidmətə cəlb edilməsinə başlanıldığı bildirilir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna mətbuatı bəzi səfərbərlik mərkəzlərinin evsizləri hərbi təlim düşərgələrinə göndərməyə başladığını yazıb.
Məsələ ilə bağlı 3-cü korpus komandirinin müavini Dmitri Kuxarçuk “YouTube” kanalında açıqlama verib. O, evsizlərin orduya qəbul edilməsini “pis bir siqnal” adlandırıb və ictimaiyyətə bu barədə aydın məlumat verilməsinin vacibliyini qeyd edib.
Kuxarçukun sözlərinə görə, təlimçilər və zabitlərdən aldığı məlumata əsasən, son vaxtlar “fərqli əlillik qruplarına aid şəxslər, açıq vərəm daşıyıcıları” kimi riskli kateqoriyalara daxil olan insanların, eləcə də evsizlərin hərbi düşərgələrə gətirilməsi halları artıb.
“Bu, yalnız bu cür insanların toplanması demək deyil, əks halda Ukrayna ordusu çoxdan çökmüş olardı”, – deyə Kuxarçuk bildirib.
Onun sözlərinə görə, evsiz insanların orduya cəlb olunması mənfi tendensiyadır, çünki belə şəxslərin “dövlətin müdafiəsi” və ya “düşmənin məhv edilməsi” kimi anlayışları daşıması çətin görünür:
“Bu, müzakirə olunmalı mövzudur. Əgər bu haqda danışmasaq, dəyişiklik də olmayacaq”.
Bəsti Rəfizadə
Sfera.az