16 Oktyabr

Türkiyə Qəzzaya əsgər göndərəcək? - Ərdoğan istisna etmədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza əməliyyat qrupuna hərbi kontingent göndərilməsini istisna etməyib. 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, prezident bu fikri Ədalət və İnkişaf Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin iclasında səsləndirib.


“Makron məndən bu əməliyyat qrupu üçün əsgər təmin edib -etməyəcəyimizi soruşdu. Mən dedim: niyə də olmasın? Qəzzada yaradılacaq bu hərbi mexanizmə biz də daxil ola bilərik, amma əsas odur ki, orada hansı şəraitdə olacağıq”, - deyə Ərdoğan bildirib.


Dövlət başçısı qeyd edib ki, Türkiyə müstəqil Fələstin dövləti qurulana qədər fəaliyyətini davam etdirəcək və regionun yenidən qurulmasında iştirak edəcək.


Türkiyənin xarici işlər naziri Hakan Fidan isə vurğulayıb ki, İsrail Qəzza sülhündən sonra da diqqətini Livan, Suriya və İrana yönəldə bilər. Onun sözlərinə görə, İsrail qoşunlarının çıxarılması beynəlxalq işçi qüvvəsinin bölgəyə yerləşdirilməsindən sonra mümkün olacaq.

 

“Əgər ədalətli sistemdən danışırıqsa, Türkiyə də bu qrupun bir hissəsi olmalıdır”, - deyə Fidan qeyd edib.

 

Fidan Hacızadə
Sfera.az