ABŞ müdafiə naziri Pit Heqset Brüsseldən ölkəsinə qayıdarkən ciddi aviasiya hadisəsi ilə üzləşib. NATO Müdafiə Nazirləri iclasını başa vurduqdan sonra yola düşən Heqseti daşıyan təyyarə havada texniki nasazlıq səbəbindən Böyük Britaniyada məcburi eniş edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə təyyarənin ön şüşəsində çat yaranması nəticəsində baş verib.
Pentaqondan verilən açıqlamada bildirilib ki, eniş standart prosedurlara uyğun həyata keçirilib və uçuş heyəti ilə birlikdə nazirin də səhhəti yaxşıdır.
“Uçuş qaydalara əsasən başa çatdırılıb, Heqset və ekipaj üzvləri təhlükəsizdir”, – açıqlamada qeyd olunub.
Nazir sosial media hesabında qısa paylaşım edərək vəziyyətinin normal olduğunu bildirib:
“Hər şey qaydasındadır. Xidmətə davam”.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, təyyarə İrlandiyanın cənub-qərb istiqamətində uçarkən hündürlüyünü itirib, 10 min futa enib və bundan sonra fövqəladə vəziyyət siqnalı göndərilib.
Pentaqon mənbələri hadisənin fevral ayında ABŞ dövlət katibi Marko Rubionun təyyarəsində yaşanan oxşar hadisə ilə paralellər daşıdığını da diqqətə çatdırıblar. Həmin vaxt Rubionun təyyarəsi də kokpit şüşəsində çat səbəbilə geri dönməyə məcbur qalmışdı.
Bəsti Rəfizadə
Sfera.az