14 Oktyabr

Kişilərin özlərini “zəif” hiss etmələrinin səbəbi nədir? - Psixoloqdan AÇIQLAMA

Son illər gender rollarındakı dəyişikliklər kişilərin psixologiyasına da təsir göstərib. Qadınların təhsil səviyyəsinin və sosial fəallığının artması fonunda bəzi kişilər özlərini dəyərsiz və ikinci planda hiss etdiklərini etiraf edirlər.

 

Bəs bu, cəmiyyətin kişilərdən gözləntilərinin dəyişməsi ilə bağlıdır, yoxsa daxili özünüdərk böhranıdır? Müasir dövrdə kişilərin özlərini “zəif” hiss etmələrinin səbəbi nədir — qadınların yüksələn rolu, yoxsa kişilərin dəyişən sosial adaptasiyası?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, gender rollarındakı dəyişikliklər hər iki cinsdə psixoloji təsir yaradır:

 

 

“Qadınların ictimai fəallığının artması kişilərdə ikinci plana düşmək düşüncəsini formalaşdıra bilər. Amma bu, individual məsələdir. Cəmiyyət istər qadın, istərsə də kişi üzərində müəyyən gözləntilər qurub. Bu gözləntilər dəyişəndə, cinsiyyətin özünüifadə forması da dəyişir. Nəticədə həm qadınlarda, həm də kişilərdə psixoloji gərginlik yaranır”.

 

Psixoloqun sözlərinə görə, münasibətlərin sağlam qalması üçün onlar məcburiyyət deyil, qarşılıqlı anlayış üzərində qurulmalıdır:

 

“Heç kim güclü olmaq məcburiyyətində deyil. Cəmiyyət kişiləri təbiətən güclü olmağa yönəldir, amma bu, reallıqda belə olmaya bilər. Məcburiyyət istənilən cinsi kimlikdə stres və təşviş yaradır”.

 

Rövşən Nəcəfov əlavə edib ki, ənənəvi düşüncə — “kişi güclü, qadın isə zərif olmalıdır” prinsipi artıq aktuallığını itirib:

 

“Həyat cinsi ayrı-seçkilik etmir. Əgər cəmiyyətdə rol pozuntuları müşahidə olunursa, bu, əslində düşüncə böhranıdır. İnsan hər şeyi görərək öyrənir, görmədiyini qəbul etməkdə çətinlik çəkir. Alternativ baxış yarananda fərqlilik problem kimi qəbul olunur".

 

Psixoloq vurğulayıb ki, kişilərdə emosional zəiflik hissi əsasən cəmiyyətin onlardan gözləntiləri ilə bağlıdır:

 

“Kişilər duyğularını ifadə etməyi öyrənməyiblər. Emosional hal zəiflik kimi görünür və kişilər bu vəziyyətdən qaçmağa çalışırlar. Halbuki rolların dəyişməsi qorxulu deyil. Əsas məsələ kişi və qadın arasında dialoqun yaranmasıdır”.

 

Nəcəfovun fikrincə, kişi və qadın cinsi kimlikləri cəmiyyətdə öz yerini tapdıqda daxili böhranlar da azalacaq:

 

“İnsan hər zaman doğru yerdə dayanmaq istəyir, amma bəzən durduğu mövqe uyğun olmur. Heç kimi mövqeyinə görə qınamaq olmaz — vacib olan, bu mövzuların açıq və elmi şəkildə müzakirə edilməsidir. Yalnız o zaman cinslər arasındakı rollar balanslı şəkildə tənzimlənə bilər".

 

Firuzə Əliyeva

Sfera.az