14 Oktyabr

Şagirdi döyən atanı hansı cəza gözləyir? – AÇIQLAMA

Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.


Kənd sakini 2008-ci il təvəllüdlü A.İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.


İlkin məlumata görə, A.İsayevin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dava edib. Digər şagirdin atası dərs zamanı məktəbə gələrək sinif otağına daxil olub və A. İsayevə yumruqla xəsarət yetirib. Zərbənin təsirindən məktəblinin burnu qırılıb. Ağır xəsarətlər alan yeniyetmə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Məsələnin hüquqi tərəfləri ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Babək Umudovun sözlərinə görə, məsuliyyətin müəyyən edilməsində şagirdin sağlamlığına vurulmuş zərərin dərəcəsi əsas meyardır:


“Əvvəla qeyd edim ki, məsuliyyətin müəyyən edilməsində şagirdin sağlamlığına vurulmuş zərərin dərəcəsi əhəmiyyətlidir. Əgər tibbi rəyə əsasən burun sümüyünün sınmasına cərrahi müdaxilə tələb olunmursa, bu xəsarət yüngül hesab ediləcək. Cərrahi müdaxilə tələb olunduqda və sağlamlığın 21 gün və daha uzun müddətə pozulması ilə nəticələnibsə, bu az ağır xəsarət hesab ediləcəkdir”.


O qeyd edib ki, hadisəyə hüquqi qiymət verərkən yalnız zərərin ağırlığı deyil, həm də hadisənin motivi nəzərə alınmalıdır:


“Digər məsələ, cinayətin motividir. Yəni döyən şəxs şagirdi hansı məqsədlə döyüb, motivi nə olub? Əgər əməli törədən şəxsin hansısa motivi (məsələn, qisas, qısqanclıq və s.) olmuşdursa, bu əməlini xuliqanlıq olaraq tövsif edə bilmərik. O halda əməli zərərin ağırlıq dərəcəsindən asılı olaraq, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi (az ağır zərər halında - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və ya 128-ci maddə (yüngül zərər halında - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır) ilə tövsif etmək olar”.

 


Hüquqşünas əlavə edib ki, əgər hadisənin motivi xuliqanlıqdırsa, bu zaman məsuliyyət daha ağır olur:


“Yox əgər zərərvuran şəxsin niyyətində xuliqanlıq olmuşdursa, onun əməlini 127.2.3-cü maddə (az ağır zərər vurma halında - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə tövsif etmək olar”.


Hüquqşünasın sözlərinə görə, bu cür hallarda həm tibbi ekspertiza nəticəsi, həm də hadisənin motivi istintaq zamanı xüsusi diqqətlə araşdırılmalıdır.


Bəsti Rəfizadə
Sfera.az