13 Oktyabr

İlham Əliyev nə üçün Şarm əl-Şeyxə dəvət olunub?

Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub.

 

Qeyd edək ki, tədbirə məhdud sayda dövlət və hökumət başçısı çağırılıb. Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planına uyğun olaraq, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəsin müzakirəsi üçün Yaxın Şərq Sülh Sammiti keçiriləcək.

 

Sammitə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvətli olması nəyin göstəricisidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, Azərbaycanın bu sammitə dəvət olunması ölkənin çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun uğurlu nəticəsidir:

 


“Azərbaycan çoxvektorlu xarici siyasət xətti yürüdür. Bu, ilk növbədə, son 10 gün ərzində baş verən beynəlxalq diplomatik fəallığın məntiqi davamıdır. Azərbaycan artıq qlobal səviyyədə strateji aktor kimi yüksəlişini nümayiş etdirir. Son günlərdə ölkə rəhbərliyinin Türk Dünyası sammiti, MDB tədbiri və Şərq Sülh Forumunda iştirakı bu çoxölçülü xarici siyasətin təzahürüdür”.


Politoloq qeyd edib ki, Şarm əl-Şeyxdə keçiriləcək sammitə dəvət Azərbaycanın beynəlxalq siyasətdə artan nüfuzunun və regional proseslərdə vacib oyunçuya çevrildiyinin göstəricisidir:


“Yaxın Şərq dünyanın ən həssas və gərgin regionlarından biridir. Burada bütün qlobal güclərin maraqları toqquşur. Əgər bir ölkə beynəlxalq münasibətlər sistemində özünü təsdiqləyibsə, o zaman bu coğrafiyada da iştirak etməsi labüddür. Azərbaycan həm Qərblə, həm də islam dünyası ilə sıx əlaqələrə malik qeyri-ənənəvi, amma etibarlı müsəlman dövləti kimi proseslərə cəlb olunur. Bu mənada Şarm əl-Şeyxə dəvət Azərbaycanın regional və qlobal diplomatik gücünün göstəricisidir”.


Ekspert hesab edir ki, Azərbaycanın bu sammitdə iştirakı ölkənin unikal sekulyar və körpü rolunda çıxış edən dövlət kimi qəbul edilməsindən irəli gəlir:


“Azərbaycanın üstünlüyü ondadır ki, həm Qərblə, həm də islam dünyası ilə balanslı münasibətləri qoruyur. Türkiyə, İsrail, Körfəz ölkələri və İranla paralel şəkildə əməkdaşlıq edən, həm də Avropa ilə strateji tərəfdaşlıq quran ölkə kimi Azərbaycan regionda etimad doğuran nadir mərkəzə çevrilib. Bu onu həm Şərqlə Qərb, həm də Şimalla Cənub arasında siyasi və iqtisadi körpüyə çevirir. 2023-cü ildən başlayan Qəzza müharibəsinin nəticələri, bölgədə sabitliyin bərpası və humanitar addımlar bu sammitin əsas gündəmidir. Bu kontekstdə Azərbaycanın iştirakı onun qlobal təhlükəsizlik sistemlərinə inteqrasiyasının və beynəlxalq etibarlılığının sübutudur”.


Mütəxəssis sonda vurğulayıb ki, Azərbaycanın bu kimi tədbirlərdə təmsil olunması ölkənin dünyəvi imicini, diplomatik çevikliyini və beynəlxalq proseslərdə etibarlı tərəfdaş statusunu daha da gücləndirir.

 

Bəsti Rəfizadə
Sfera.az