Almaniya Parlamenti ölkədə 3 il yaşayan miqrantlara vətəndaşlıq müraciəti etmək imkanı verən “sürətləndirilmiş vətəndaşlıq”hüququnu ləğv edib. Yeni qanuna əsasən, bundan sonra Almaniyada vətəndaşlıq almaq üçün minimum 5 il fasiləsiz yaşayış şərti tələb olunacaq.
Almaniyada yaşayan azərbaycanlı miqrantlar üçün “sürətləndirilmiş vətəndaşlıq” hüququnun ləğvi hansı nəticələrə gətirib çıxaracaq? Yeni qanun Azərbaycandan Almaniyaya olan axına təsir edə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bu qanunun ləğvinin Almaniyada miqrantların sayının artması ilə əlaqədar olduğunu deyib.
Ekpsertin sözlərinə görə, qanunun ləğv olunması qeyri-qanuni miqrantlarla bağlıdır:
“Problemi aradan qaldırmaq üçün hökumət daha seçici davranır. Belə qərarların məqsədi mövcud qaydaları tənzimləmək və miqrasiya prosesinə nəzarəti gücləndirməkdir. Təbii ki, Almaniyada təhsil alan, işləyən azərbaycanlılar, eləcə də dünyanın müxtəlif yerlərindən gələn çoxsaylı miqrantlar mövcuddur. Suriyadan, həmçinin Rusiya–Ukrayna müharibəsindən sonra Kiyevdən də ora çox sayda qaçqın köçüb. Onların arasında Almaniyada yaşamaq, vətəndaşlıq almaq və gələcəyini orada qurmaq istəyən insanlar az deyil. Əslində bu addım ölkənin özünü qoruma mexanizmi kimi qiymətləndirilə bilər. Artıq Almaniyada vətəndaşlıq əldə etmək əvvəlki qədər asan olmasın, bunun üçün müəyyən vaxt, sınaqlar və şərtlər tələb olunur. İnsan orada işləyir, fəaliyyət göstərir, vergi ödəyir və bu müddətdə davranışları izlənmiş olur".
C.Aşurov bunun Almaniyanın daxili siyasətinin bir hissəsi olduğunu bildirib:
“Ölkə daha çox miqrant qəbul etmək istəmir, çünki bu, dövlət büdcəsinə əlavə yük yaradır. Sadəcə orada yaşamaq və işləməklə “sürətləndirilmiş vətəndaşlıq” hüququnun ləğvi də bu məqsədə xidmət edir. Onsuz da Almaniyaya və digər Avropa ölkələrinə miqrant axını çoxdur və illər keçdikcə qaydalar daha sərtləşir. Məncə, Azərbaycandan Almaniyaya kütləvi axın müşahidə edilmir. Bir vaxtlar maraq böyük olsa da, hazırda orada yaşamaq və uzunmüddətli qalmaq icazəsi almaq asan deyil. Əsasən tələbələr və ya müəyyən müqavilələrlə işləməyə gedən azərbaycanlılar mövcuddur, amma onların sayı digər ölkələrlə müqayisədə elə də yüksək deyil”.
O əlavə edib ki, buna baxmayaraq, bu qanun müəyyən qrup azərbaycanlılara da təsir göstərəcək:
“Ümumiyyətlə, istənilən yerdə şərtlərin çətinləşməsi ora olan axını azaldır. Statistik məlumatlardan da görünür ki, “sürətləndirilmiş vətəndaşlıq” üçün müraciət edənlərin sayı Almaniyanın öz mətbuatında da az olduğu göstərilir. Daha öncə qəbul edilən qərarlar, xüsusilə ailə birləşmələri və vətəndaşlıqla bağlı yeni məhdudiyyətlər miqrantlara və ölkəyə köçüb orada qalmaq istəyənlərə daha çox təsir edir. Buna görə də, 3 ildən 5 ilə qədər uzadılan vətəndaşlıq müddətinin real təsiri daha çox uzunmüddətli perspektivdə hiss olunacaq”.
Fidan Hacızadə
Sfera.az