"Dünyanın “nəhəng imperiyaları”ndan birinin rəhbəri, Rusiya Prezidenti Vladimir Putin ilə Cənubi Qafqazın lideri, Azərbaycanın son 200 illik tarixinin qalib sərkərdəsi İlham Əliyev arasında təkbətək görüş… Təkbətək görüşdə təklənmiş və tənhalaşmış Rusiya Prezidenti… Və həmin görüşün tək Lideri – Azərbaycan Prezidenti…"
Sfera.az xəbər verir ki, bu sözləri siyasi elmlər doktoru, professor, Beyləqan Rayon İcra Hakimiyyətinin və Xızı Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Vaqif Abdullayev sosial media hesabında bildirib.
O qeyd edib ki, Düşənbə sarayının görüş zalına doğru addımlayan liderlərin fiziki qamətindən, siyasi duruşundan belə hiss olunurdu ki, İlham Əliyev möhtəşəm və möhtərəm davranışı, praqmatik dayanışı və nikbin baxışları ilə qalib lider təsiri bağışlayırdı:
“Bir vaxtlar az qala dünyaya meydan oxuyan, təkəbbürlü və özündənrazı Vladimir Putin isə indi kiçilmiş, çarəsiz və aciz görkəmdə idi. Onun bu halı 44 günlük müharibədə məğlub olmuş Ermənistanın Baş naziri Nikol Paşinyanın İlham Əliyevlə görüşləri zamanı yaşadığı sarsıntılı, xəcalətli duruşu xatırladırdı. Sanki qarşısında günahını etiraf edən bir şagird dayanmışdı. Rusiyanın dövlət başçısı çıxışının 90 faizini təyyarə qəzası ilə bağlı təkrar-təkrar üzrxahlığa həsr etməklə, əslində, həm günahını, həm də çarəsizliyini etiraf etmiş oldu. Əvvəlki görüşlərdəki kimi geniş danışa bilmədi”.
V.Abdullayev əlavə edib ki, Putin, İlham Əliyevin şux, müdrik və soyuqqanlı baxışları qarşısında bundan artıq söz tapa bilməzdi:
“Beləliklə, Rusiya Prezidenti Azərbaycanın Liderinin tələblərinə əməl edəcəyini bəyan etməklə, rəsmi Bakının qətiyyəti qarşısında hesablaşmalı olduğunu açıq şəkildə göstərdi. Düşənbə görüşü Putinin və Kremlin Azərbaycandan üzrxahlıq, “qoca imperiyanın” yol verdiyi səhvlərin bağışlanması üçün təşkil etdiyi bir fürsət kimi dəyərləndirilə bilər. Bir sözlə Düşənbədə söz tapa bilməyən düşünən Vladimir Putin, düşündürən baxışları ilə isə İlham Əliyev idi”.