"Son günlər bir çox sosial media səhifəsində hüquq-mühafizə orqanlarının, xüsusən də polislərin və polis rəhbərliyinin, prokurorluq orqanlarının məqsədli şəkildə hədəfə alındığını və ağır sözlərlə təhqir olunduğunu görürəm".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, indiki vəziyyətdə polisi, prokurorluğu və onların rəhbərliyini haqsız hücumlardan müdafiə etmək ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasının vacib şərtidir:
"“Sancaq media” adı altında fəaliyyət göstərən bu şəbəkəni və onun arxasında dayananları etdikləri təhqirlərə, kontekstsiz paylaşımlara görə şiddətlə qınayır və onları bu yoldan çəkinməyə çağırıram".
Millət vəkili qeyd etdi ki, bir-iki nəfərə görə on minlərlə şəxsi heyəti hədəfə almaq qaranlıq məqsədlər güdüldüyünü göstərir:
"Məqsəd insanları emosional vəziyyətə gətirmək, hissləri ilə oynamaq, psixoloji təsir etmək və onları etiraza dəvət etməkdir. Bu konstitusiya quruluşunu zorla dəyişməyə, qanlar tökməyə, dağıdıcılıq etməyə çağırışdır və bu hərəkətlərin mütləq şəkildə ya bu gün, ya da sabah cəzası var.
Belə çıxmasın ki, mən boş yerdən polisi və prokurorluq orqanlarını müdafiə edirəm. Hər sahədə çatışmazlıq var və olacaq da. Kim qanunsuz hərəkət edirsə cəzalandırılır və cəzalandırılmalıdır. Ölkəmizdə sabitliyin, əmin-amanlığın, dövlətçiliyin qorunmasına verdiyi əvəzsiz töhvəyə görə cənab nazirə - Vilayət Eyvazova və rəhbərlik etdiyi bütün kollektivə, Baş Prokuror Kamran Əliyevə və bütün kollektivə təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, biz bütün haqq və dövlət işlərinizdə dövlət və xalq naminə yanınızdayıq".
Firuzə Əliyeva
Sfera.az