06 Oktyabr

"Fələstin və İsraildə məhbuslarla girovların azad olunmasını istəyirik"

ABŞ-nin əsas məqsədi İsrail ilə HƏMAS arasında bu gün Misirdə başlanacaq dolayı danışıqlarda sürətli şəkildə İsrail girovlarının və Fələstin həbsxana məhbuslarının azad olunmasını təmin etməkdir. 

 

Sfera.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) xəbər yayıb.

 

Qəzetə danışan mənbə bildirib ki, danışıqlarda razılığa çatmaq üçün rəsmi son tarix müəyyən edilməyib. Lakin ərəb vasitəçiləri və ABŞ rəsmiləri başa düşürlər ki, danışıqlar prosesi uzun müddət davam edə bilər. Bununla belə, İsrail girovları və Fələstin həbsxana məhbuslarının məsələsi prioritet olaraq həll olunmalıdır.

 

Misir Xarici İşlər Nazirliyi dünən bildirib ki, İsrail ilə HƏMAS arasında yeni dolayı danışıqlar mərhələsi oktyabrın 6-da ərəb ölkəsində keçiriləcək. Tərəflər ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi plana əsasən nizamlanmanı müzakirə etməyi planlaşdırırlar.

 

Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev Trampın liderliyi ilə hazırlanmış “əhatəli planı” açıqlayıb. Plan Qəzza bölgəsindəki konflikti həll etməyə yönəlib və orada müvəqqəti xarici idarəetmənin tətbiqini, habelə beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Sənədə əsasən, HƏMAS İsrailə bütün girovları, həm sağ, həm də həlak olmuş qaytarmalıdır. İsrail tərəfinin sentyabrın sonuna olan məlumatına görə, HƏMAS tərəfdarları Qəzzada 20 sağ girovu və 28 həlak olmuş məhbusun cəsədini saxlayırdılar.

 

Daha sonra planda qeyd edildiyi kimi, İsrail ömürlük həbs cəzası çəkən 250 Fələstin məhbusunu, həmçinin 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan Qəzza sakinlərindən 1,7 min nəfəri azad etməlidir. 


Bundan əlavə, hər bir girovun əvəzində İsrail 15 həlak olmuş Fələstinlinin cəsədini qaytarmalıdır. 

 

Niyaz Hacıyev
Sfera.az