06 Oktyabr

"Hicab tələbi yenidən qayıda bilər" - İranda nələr baş verir? - AÇIQLAMA

İranda uzun sürən mübarizədən sonra hicab qanunu ləğv edilib. Artıq hüquqi baxımdan hicab qanununun icrası mümkün deyil. 


Bəzi analitiklərin fikrincə, hicab qanunun ləğvi sadəcə hüquqi və ya sosioloji məsələ deyil. Bu,  illərlə yığılan ictimai gərginliyin, mədəni toqquşmanın və siyasi zərurətin nəticəsidir. 


Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan İslamda hicabın məcburi olmadığını deyib. 


Onun sözlərinə görə, dinin özündə insanları zorla hicaba məcbur etmək əmri yoxdur:


“Bu, təhrif olunmuş dini ənənənin və eyni zamanda İranın ideoloji əsaslarının tərkib hissəsidir. İran rejimi əhalini dünyadan təcrid etməklə özünə zərər vurduğunu artıq anlayır. Kütləvi etirazlar, məcburi hicab siyasətinə görə minlərlə insana qarşı həyata keçirilən təzyiq, həbslər və zorakılıqlar hakimiyyəti bu addımı atmağa məcbur edib. Hazırda ABŞ və Avropanın sanksiyaları qarşısında zəifləyən hakimiyyət, daxildə yeni etirazların baş qaldırmaması üçün yumşalmaya getməyə məcburdur”.

 


Şərhçi əlavə edib ki, əgər hicab doğrudan da ilahi əmr idisə, nə yeni vəhy gəldi, nə də İmam zühur etdi:

 

“Bəs onda niyə bu qərar dəyişdirildi? Yox, əgər hicab ilahi əmr deyildisə, nəyə görə illərlə xalq buna məcbur edildi, minlərlə şəxs işgəncələrə, həbslərə, hətta edamlara məruz qaldı? Bu suallar göstərir ki, İran rejimi üçün əsas dəyər din deyil, siyasi ideologiyadır. Din sadəcə hakimiyyətin əlində bir vasitəyə çevrilib. Hazırda hicab tələbinin yumşaldılması ABŞ təzyiqləri və daxili sosial gərginliyin azaldılması məqsədi daşıyır. Lakin mümkündür ki, rejim mövqeyini bərpa etdikdən sonra yenidən əvvəlki sərt qaydalara qayıtsın. Bununla belə, görünür ki, başqa islahatlara da hazırlıq var”.


T.İrfan prezident Məsud Pezeşkiyanın bu prosesdə mühüm rol oynadığını da qeyd etdi:


“O, İranı orta əsrlərin qapanmış ideoloji dünyasından çıxararaq müasirliyə gətirmək istəyir. Növbəti islahat mərhələsi kimi spirtli içkilərin istehsalının və satışının qanuniləşdirilməsi gündəmə gələ bilər. Çünki hər il minlərlə insan saxta və gizli istehsal olunan içkilərdən zəhərlənir, həyatını itirir və ya sağlamlığını itirir. Eyni zamanda, spirtli içkilərə qoyulan qadağalar İranda narkotik vasitələrin geniş yayılmasının səbəblərindən biridir. Bunu beynəlxalq müşahidələr və araşdırmalar da təsdiqləyir. Artıq Səudiyyə Ərəbistanı da oxşar istiqamətdə addımlar atır. Əgər söhbət dindən gedirsə, dinin özündə də islahat və reformalar olmalıdır”. 


Onun fikrincə, xüsusən də dövlət ideologiyasına çevrilmiş din və ya məzhəb sistemlərinin müasir dövrün reallıqlarına uyğunlaşdırılmalı olduğunu vurğulayıb:

 

“İranda uzun illərdir hakimiyyət dindən ikrah doğuracaq şəkildə istifadə edib, onu siyasət alətinə çevirib. Lakin Pezeşkiyanın islahatçı komandası bunu dəyişmək niyyətindədir. Onlar müasirlik, insan azadlığı və humanizm prinsiplərinə üstünlük verirlər. Əslində, bu yanaşma dinin orijinal mahiyyətinə mötədilliyə, humanizmə və azad iradəyə uyğun gəlir. Çünki İslamda nə məcburi hicab, nə məcburi ibadət, nə də məcburi ayin anlayışı mövcuddur”.


Fidan Hacızadə
Sfera.az