03 Oktyabr

Cənub kəndinə gələn turistlərin sayı sürətlə artır – RƏSMİ

Regionlarda turizmin inkişafı istiqamətində əsas prioritetlərdən biri kənd turizminin gücləndirilməsidir. Dövlət Turizm Agentliyi bu sahədə müxtəlif layihələr həyata keçirir və kənd əhalisinin məşğulluğunun artırılması, bacarıqlarının inkişafı əsas hədəflər sırasında yer alır. Bu məqsədlə kənd icmaları üçün bələdçi kitabı hazırlanıb, həmçinin aqroturizm təsərrüfatlarının yaradılması ilə bağlı xüsusi vəsaitdən regionlarda keçirilən təlimlərdə istifadə olunur.


Sfera.az xəbər verir ki, bunu Astaranın Sım kəndində jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov deyib.


Onun sözlərinə görə, Sım kəndi “Turistik kənd” konsepsiyasına daxil edilib və burada turizmin təşviqi məqsədilə bir sıra layihələr icra olunub. 


“Bu təcrübə Azərbaycanın digər kəndlərində də tətbiq edilərək infrastrukturun inkişafına töhfə verir. Fəaliyyətlər dövlət proqramları çərçivəsində həyata keçirilir”, – deyə o bildirib.


E. Cavadov qeyd edib ki, görülən işlərin nəticəsində Sım kəndinə gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb:


“Əvvəllər kəndə il ərzində təxminən minə yaxın turist gəlirdisə, indi yalnız yay aylarında hər ay iki mindən çox turist Sımı ziyarət edir. Bu, son iki ildə qurulan infrastrukturun birbaşa nəticəsidir. Gələcək illərdə də infrastrukturun genişləndirilməsi, kənd evlərinin fasadlarının yenilənməsi nəzərdə tutulur. Məqsədimiz Azərbaycanın kənd turizmi potensialını nümayiş etdirmək və nümunəvi kənd modeli formalaşdırmaqdır”, – deyə o vurğulayıb.

 

Niyaz Hacıyev
Sfera.az