29 Sentyabr

Bu yağın qiyməti artacaq

Son aylarda Azərbaycanın ərzaq bazarında, xüsusilə də süd və süd məhsullarının qiymətlərində artım müşahidə olunur. Rəsmi statistika göstərir ki, 2025-ci ilin yanvar–aprel aylarında ölkəyə 65,4 milyon dollar dəyərində 9,3 min ton kərə yağı idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcmi üzrə 17,5 faiz, dəyər baxımından isə 59,8 faiz çoxdur.

 

Orta idxal qiymətləri də nəzərəçarpacaq dərəcədə bahalaşıb. Belə ki, həmin dövrdə idxal olunan kərə yağının 1 kiloqramının orta qiyməti 11,9 manat təşkil edib. Müqayisə üçün, 2022-ci ildə bu rəqəm təxminən 9,5 manat/kq idi. 2025-ci ilin yanvar–avqust aylarında isə orta idxal qiyməti 11,6 manat/kq olaraq qeydə alınıb.

 

Satış bazarında da ciddi fərqlər var. Bu ilin ilk dörd ayında idxal olunan kərə yağının orta satış qiyməti 23,6 manat/kq, yerli kərə yağının isə 20,9 manat/kq olub. Ötən ilin əvvəlində isə yerli kərə yağının 1 kiloqramı orta hesabla 18,9 manat, may ayında isə 19,3 manat idi.

 

Məlumatlara görə, 2025-ci ilin ilk dörd ayında ölkədə ümumilikdə 8,7 min ton kərə yağı istehsal olunub. Lakin idxal həcmi bu göstəricini üstələyərək istehsaldan 633,9 ton çox olub. Bu isə Azərbaycanın kərə yağı bazarının hələ də böyük dərəcədə xarici asılılıqda olduğunu göstərir.


Ət bazarındakı bu dinamika digər süd məhsullarına, xüsusən də kərə yağına da təsir edə bilərmi? İstehlakçılar arasında ən çox istifadə olunan məhsullardan biri olan kərə yağında da bahalaşma gözlənilirmi?
     

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, Azərbaycan istehlak bazarı kərə yağı üzrə xaricdən asılıdır. 

 

 

Onun sözlərinə görə, mal ətinin qiymətinin artmadığı, ölkədə heyvandarlığın qat-qat yaxşı olduğu 2015-ci ildən əvvəlki zamana qədər kərə yağı sahəsində ölkədə təlabat ən çox idxal hesabına ödənilirdi:

 

“Yerli kərə yağının istehsalında da xarici elementlər istifadə olunduğuna görə daxili bazar bilavasitə xaricdən asılıdır. Bu səbəbdən bu sahədə qiymətlər dünya bazarlarındakı qiymətlərə görə dəyişir. Dünya bazarlarında isə sözügedən məhsulun qiyməti son illər ərzində ancaq artım istiqamətində inkişaf edib. Qarşıdakı müddətdə kərə yağında heç bir ucuzlaşma gözlənilmir, əksinə qiymət artımı gözlənilir”. 

 

Firuzə Əliyeva
Sfera.az