Türk dünyasının böyük tarixçi alimi İlber Ortaylı Naxçıvana səfəri zamanı bölgə haqqında təəssüratlarını bölüşüb.
Sfera.az xəbər verir ki, tarixçi paylaşımında Naxçıvanın musiqi mədəniyyətindən, mətbəxindən və türk dilinin Azərbaycanda səlis danışılmağından bəhs edib.
Paylaşımı təqdim edirik:
“Ötən həftə dörd gün Naxçıvanda oldum. Bura sevimli Cənubi Qafqaz şəhəridir... Binaların memarlığı, şəhərin yaşıllığı, bağçalı evləri, universitetin və rəsmi binaların möhtəşəm görkəmi məndə dərin təəssürat yaratdı. İran, Avropa və Anadolu burada birləşir...
Amma başqa bir detal həqiqətən diqqətimi çəkdi: hətta kəndlərdə də musiqi məktəblərinin olmağı və Naxçıvan Dövlət Universitetinin 150 nəfərlik simfonik orkestrə sahib olmağı. Qürurlandım, heyrətləndim və öz-özümə sual verdim: “Niyə Atatürkün musiqidə inqilab etdiyi bizim ölkədə belə bir şey yoxdur?”
Konfranslar, orada qarşılaşdığım suallar, göstərilən diqqət məni valeh etdi.
Deməli, indi türkcə gözəl danışanları dinləmək üçün Azərbaycana səfər edəcəyik. Azərbaycan xalqı Türkiyəyə çox bağlıdır; nəşrlərimiz izlənilir, tərcümələr edilir və universitet tələbələri türk mədəniyyətinə ürəkdən istiqamətlənir. İki ölkə arasındakı əlaqələrin ən güclü tərəfi təkcə hərbi-iqtisadi deyil, həm də mədəni əlaqələrdir. Bu, onların tarixi irsinin təbii nəticəsidir”.
Firuzə Əliyeva
Sfera.az