27 Sentyabr

Yaxın 10 ildə Qara dəlik partlayışı olacaq

ABŞ-li alimlər yaxın 10 il ərzində bir qara dəliyin partlama ehtimalının yüksək olduğunu açıqlayıblar. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, onların “Physical Review Letters” jurnalında dərc olunan araşdırmasına görə, 2035-ci ilə qədər ən azı bir qara dəliyin partlaması ehtimalı 90 faiz təşkil edir.

 

Araşdırmanın müəllifi, Umass Amherst universitetinin fizika professoru Maykl Beyker bildirib:


“Biz bunun mütləq bu onillikdə baş verəcəyini demirik. Amma ehtimal çox böyükdür – təxminən 90 faiz”.

 

Qara dəliklər ətrafındakı toz, qaz, planetlər və digər obyektləri udan güclü cazibə mənbələri kimi tanınır. İndiyədək onlar sabit hesab edilirdi. Lakin məşhur fizikaçı Stiven Hokingin nəzəriyyəsinə görə, “ilkin qara dəliklər” (PBH) adlanan xüsusi növlər mövcud ola bilər. Bu obyektlər Böyük Partlayışdan dərhal sonra formalaşmış və zamanla “Hoking radiasiyası” yayaraq zəifləyib partlama mərhələsinə çata bilər.

 

Alimlər deyirlər ki, əgər PBH partlasa, bunu adi gözlə görmək mümkün olmayacaq. Hadisə yalnız teleskoplarla qeydə alına bilər. Partlayış zamanı müxtəlif zərrəciklər, hətta hələ mövcudluğu təsdiqlənməmiş hissəciklər də ortaya çıxa bilər.

 

Mütəxəssislərin sözlərinə görə, bu hadisə baş verərsə, fizika elmində inqilabi dəyişikliklərə yol aça və kainatın yaranışı ilə bağlı yeni bilgilər təqdim edə bilər.

 

Bəsti Rəfizadə
Sfera.az