24 Sentyabr

Ukrayna müharibəsi: Trampın dəyişən fikirləri nəyi göstərir?

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra bildirib ki, Ukrayna Avropa İttifaqı və NATO-nun dəstəyi ilə öz əvvəlki sərhədlərini geri qaytara bilər. Onun fikrincə, səbir və maliyyə dəstəyi ilə bu məqsədə çatmaq mümkündür.

 

Sfera.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Trampın bu açıqlaması Rusiyaya ünvanlanmış mesajdır.

 

O qeyd edib ki, Rusiya danışıqlarda verdiyi sözləri tutmur və müharibəni uzatmaq üçün vaxt qazanmağa çalışır. Onun sözlərinə görə, Tramp administrasiyası da bunu nəzərə alaraq daha sərt mövqe ortaya qoyur.

 

Bayramov Trampın əvvəlki və indiki fikirləri arasında ziddiyyət olduğunu vurğulayıb:

 

"Məsələn, əvvəllər Putin haqqında müsbət fikirlər səsləndirən Tramp sonradan onu “dəli” adlandırıb. Eyni zamanda, əvvəllər Ukraynanın müharibəni davam etdirmək gücünün olmadığını deyən Tramp indi Ukraynanın qalib gələ biləcəyini bildirir".

 

Politoloq əlavə edib ki, Ukraynanın ərazi bütövlüyünü bərpa etməsi üçün Avropa və ABŞ-ın davamlı silah, texnika və maliyyə dəstəyi vacibdir. Eyni zamanda, Rusiyaya qarşı sanksiyalar sərt şəkildə tətbiq olunmalıdır. Bu proses uzunmüddətli və ciddi dəstək tələb edir.


Bəsti Rəfizadə
Sfera.az