24 Sentyabr

Almaniya Avropanı silahlandıracaq

Almaniya Avropa İttifaqı (Aİ) ölkələrinin silahlı qüvvələrinin modernləşdirilməsi proqramında aparıcı rol oynamağa çalışır və bu sahədə birgə müəssisələrin lideri kimi özünü təqdim etməklə artan xarici təhdidlərə cavab verməyi hədəfləyir.


Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. 

 

Nəşr Berlində hazırlanmış müvafiq siyasi sənəd layihəsi ilə tanış olub.


Sənəd oktyabrda nəzərdə tutulmuş Avropa İttifaqı liderlərinin görüşü ərəfəsində hazırlanıb. Görüşdə Brüssel 2030-cu ilə qədər Aİ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün yol xəritəsini təqdim etməyi planlaşdırır.


Almaniya hökuməti kollektiv potensial koalisiyaları yaratmağı təklif edir. Bu, müəyyən prioritet sahələrdə, məsələn, hava hücumundan müdafiə sistemləri üzrə birgə silahlanma və alış işlərini həyata keçirəcək dövlət qruplarıdır. 


“Almaniya aparıcı rolu öz üzərinə götürməyə hazırdır”– deyə sənəddə vurğulanır. 


Berlində hesab edirlər ki, Avropa Müdafiə Agentliyi Avropada satınalmaların axtarış və koordinasiya mərkəzi kimi daha fəal rol oynamalı və milli silah sistemlərinin standartlarının uyğunlaşdırılmasında hökumətlərə dəstək verməlidir. 


“Layihələr Ukraynaya və bu hüquqa malik üçüncü ölkələrə açıq olmalıdır”, – deyə Almaniya rəsmiləri bildirirlər.

 

Niyaz Hacıyev
Sfera.az