Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi BMT baş katibi postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.
Sfera.az xəbər verir ki, hazırkı baş katib Antoniu Quterreşin mandatı 2026-cı il dekabrın 31-də başa çatır.
Elə həmin il BMT Təhlükəsizlik Şurası baş katib vəzifəsinə namizədi irəli sürməli, seçilən şəxs isə 2027-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlamalıdır.
“BMT hazırda çətin vəziyyətdədir. Mən inanıram ki, BMT-ni daha təsirli quruma çevirmək mümkündür. Əgər sizi münaqişələrin və zorakılığın artması narahat edirsə, diqqəti başqa məsələlərə yönəltmək bir qədər ikili standartdır”, - deyə Qrossi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Fransanın Agence France Presse agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hamı qəbul edir ki, BMT artıq dünyada sülhün qorunması missiyasını yerinə yetirə bilmir. Bu baxımdan argentinalı diplomat hesab edir ki, MAQATE rəhbəri kimi topladığı təcrübə ona seçkidə üstünlük qazandıra bilər.
Qrossi həmçinin qeyd edib ki, hamı ilə dialoq aparmağa və hamı üçün qəbul edilə bilən vasitəçi olmağa çalışacaq.
“Bəli, məhz bu səbəblərdən namizədliyimi irəli sürəcəyəm”, – deyə o vurğulayıb.
Niyaz Hacıyev
Sfera.az