Son illərdə sosial şəbəkələrdə valideynlərin öz uşaqlarının, hətta doğulmamış körpələrinin ultrasəs müayinələrinin görüntülərini paylaşması geniş yayılıb. Xüsusilə “Instagram”, “Facebook” və “TikTok” kimi platformalarda uşaqların gündəlik həyatından, məktəb, bayram və şəxsi məclislərdən çəkilmiş fotoların və videoların paylaşılması adi hal alıb. Bir çox valideyn bunu sadəcə sevincini bölüşmək və övladına olan sevgisini göstərmək vasitəsi kimi görsə də, mütəxəssislər bu cür paylaşımların həm indiki, həm də gələcəkdə ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Məsələ təkcə etik və psixoloji çərçivədə deyil, həm də hüquqi və təhlükəsizlik aspektində böyük əhəmiyyət daşıyır. Artıq bəzi Avropa ölkələrində uşaqlar valideynlərinə qarşı məhkəmə iddiaları qaldıraraq, öz məxfilik hüquqlarının pozulduğunu sübut edə bilirlər. Süni intellekt texnologiyalarının sürətli inkişaf etdiyi bir dövrdə isə sosial mediada yayımlanan hər bir görüntünün manipulyasiya edilərək arzuolunmaz məqsədlərlə istifadəsi riski daha da artır.
Mütəxəssislər hesab edir ki, bu problem Azərbaycanda da gündən-günə aktuallaşır və valideynlərin məsuliyyətli davranması, uşaqların rəqəmsal təhlükəsizliyinə daha ciddi yanaşması zəruridir.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən media eksperti Nicat Abdullayevin sözlərinə görə, uşaqların fotolarının sosial mediada yayımlanması həm etik, həm psixoloji, həm də təhlükəsizlik baxımından problemli məsələdir:

“Birincisi, bu, uşağın özəl həyat hüququnun pozulmasıdır. Uşaq hələ seçim edə bilmir, amma valideynlər onun şəxsi həyatını ictimailəşdirir. Gələcəkdə həmin uşaqlar böyüdükdə icazəsiz paylaşılan şəkillər xoşagəlməz hallara səbəb ola bilər. Bəzi Avropa ölkələrində bu məsələ hüquqi müstəviyə daşınıb və valideynlər övladlarının məxfilik hüququnu pozduqları üçün məsuliyyət daşıya bilirlər.
İkincisi, təhlükəsizlik aspektidir. Sosial mediada yayılan şəkillər müxtəlif texnologiyalar, o cümlədən süni intellekt vasitəsilə manipulyasiya oluna bilər. “Deepfake” texnologiyaları, uşaq istismarı məqsədilə foto və videoların kəsilib-quraşdırılması kimi risklər mövcuddur. Xüsusilə üzü açıq paylaşılan şəkillər kiber cinayətkarların əlində təhlükəyə çevrilə bilər.
Üçüncüsü, psixoloji tərəfidir. Uşağın həyatının hər detalının ictimailəşdirilməsi onun şəxsi sərhədlərinin formalaşmasına mənfi təsir göstərə bilər. Uşaq gələcəkdə sosial mediada öz kimliyini qurmaqda çətinlik çəkə və hətta sosial təzyiqlərlə üzləşə bilər”.
Ekspert bildirib ki, Azərbaycanda uşaqların rəqəmsal hüquqlarını qoruyan konkret qanuni mexanizmlər mövcud olmasa da, valideynlər məsuliyyətsiz davranmamalıdırlar:
“Azərbaycan reallığında da bu mövzu getdikcə daha aktual olur. Təəssüf ki, bizdə hələlik uşaqların rəqəmsal hüquqlarını qoruyan konkret qanuni mexanizmlər yoxdur. Amma bu, valideynlərin məsuliyyətini azaltmır. Mənim tövsiyəm odur ki, valideynlər uşaqların şəkillərini sosial mediada paylaşarkən ən azı üzlərini gizlətməyə çalışsınlar və şəxsi məlumatları ifşa etməsinlər. Çünki süni intellektin sürətli inkişaf etdiyi dövrdə paylaşılan hər bir şəkil gələcəkdə arzuolunmaz məqsədlər üçün istifadə oluna bilər”.
Nicat Abdullayevin fikrincə, valideynlərin diqqətsizliyi uşaqların gələcəkdə həm hüquqi, həm də mənəvi zərər görməsinə səbəb ola bilər. Onun fikrincə, bu səbəbdən, “rəqəmsal valideynlik” anlayışını ciddiyə almaq və uşaqların onlayn təhlükəsizliyini qorumaq vacibdir.
Bəsti Rəfizadə
Sfera.az
