İngiltərədə küçədə gedərkən kərpiclə örtülmüş pəncərələrə rast gəlsəniz, bunun memarlıq detalı olduğunu düşünə bilərsiniz. Ancaq İngiltərədəki bu mənzərənin arxasında daha maraqlı bir tarixi səbəb var. 1696-cı ildə tətbiq edilən pəncərə vergisi gələcək illər üçün evlərin memarlığını dəyişib.
Sfera.az bu maraqlı tarixə nəzər salır.
Ev sahibləri vergidən yayınmaq üçün pəncərələrini bağlamağa məcbur olublar.
1696-cı ildə King Henry III Williamın hakimiyyəti dövründə tətbiq edilən pəncərə vergisi, adından da göründüyü kimi, evdəki pəncərələrin sayına görə ödənilirdi. Məqsəd dövrün iqtisadi problemlərini həll etmək və xüsusən də sikkələrin dəyərdən düşməsi nəticəsində yaranan çatışmazlığı aradan qaldırmaq idi. Vergi sistemi nəzəri olaraq varlıları hədəf alırdı, çünki 10 və daha çox pəncərəsi olan evlər vergiyə cəlb olunurdu.
Ancaq praktikada bu, hər bir sinfə təsir etdi. Böyük şəhərlərdə fəhlə sinfinə məxsus mənzillər tək ailəli evlər hesab edilərək onları haqsız olaraq yüksək vergilər ödəməyə məcbur edirdi. Bundan əlavə, qanunda "pəncərə" anlayışının dəqiq tərifi olmadığından, hətta divardakı kiçik barmaqlıqlar və ya çatlar belə vergiyə daxil edilə bilərdi.
Vergi yükünü yüngülləşdirməyə çalışan ev sahibləri fərqli üsullar axtarırdılar.
Bəzi mənzil sahibləri vergini öz kirayəçilərinə keçirdi, bəziləri isə pəncərələri tamamilə bağladı. Bu kərpiclə tikilmiş boşluqları bu gün də tarixi binalarda görmək olar. 1766-cı ildə limit daha da aşağı salındı və yeddi pəncərəyə qədər vergi tətbiq edildi.
Nəticədə İngiltərə və Uelsdə yeddi pəncərəli evlərin sayı təxminən üçdə iki azalıb. Bu örtülü pəncərələr danışıq dilində "Pittin şəkilləri" kimi tanınırdı. Bu ad verginin ən qızğın müdafiəçilərindən biri olan siyasətçi Uilyam Pittlə bağlı idi.
Vergi təkcə memarlığa deyil, həm də əhalinin sağlamlığına ciddi təsir göstərdi.
Pəncərələrin örtülməsi evləri havasız və qaranlıq edirdi. Bu, tif, vəba, çiçək kimi yoluxucu xəstəliklərin yayılmasını asanlaşdırdı. Həkimlər və səhiyyə işçiləri illərlə verginin ləğvini tələb edirdilər. 1845-ci ildə Sunderland səhiyyə işçiləri açıq şəkildə bildirdilər ki, pəncərələri örtmək ölüm hallarını artırıb.
Artan təzyiq altında sağlamlığa təhlükə yaradan bu təcrübə 1851-ci ildə tamamilə ləğv edildi. Beləliklə, İngiltərədəki ev sahibləri yenidən pəncərələrini açmağa başladılar.
AYNİL
