Pakistan Baş naziri Şahbaz Şərif ölkəyə yağan leysan yağışlarını “Qiyamət günü” adlandırıb.
Sfera.az xəbər verir ki, o, bu barədə torpaq sürüşməsi və daşqınların baş verdiyi Xeybər-Paxtunxva əyalətində sakinlərlə görüşündə deyib.
“Təkcə Xeyber-Paxtunxvada 350-dən çox bacı-qardaşımız həlak olub, ölkə üzrə ölənlərin sayı isə 700-ü keçib. Bu, bir növ Qiyamət günüdür”, - baş nazir vurğulayıb.
Şərif 2022-ci ilin dağıdıcı daşqınlarını xatırladıb və bu faciədən dərslərin alınmadığını bildirib. Həmin daşqınlar Pakistan ərazisinin üçdə birinə təsir edib. Təbii fəlakət 2000-ə yaxın insanın həyatına son qoyub, iqtisadi ziyan isə 30 milyard dollar təşkil edib.
Pakistan lideri çay sahilləri və sürüşmə zonalarında evlərin tikintisini pisləyib və bunun fəlakəti daha da pisləşdirən insan səhvi adlandırıb.
Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayına qədər davam edir, bu, kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb etsə də, tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olan güclü yağışlar gətirir. Sinoptiklər leysanların sentyabrın ortalarına qədər davam edəcəyini gözləyirlər.