19 Avqust

Azərbaycanda ət niyə bahadır? - "Rəqəmlər düzgün deyil"

Ölkədə əsas ərzaq məhsullarından olan ətin qiymətində artım müşahidə olunur. Son günlərdə alıcılar dana ətinin bahalaşmasından şikayətlənirlər. Əgər ötən ay 1 kiloqram dana əti 15 manata satılırdısa, indi qiymət 16,5-17 manat civarında dəyişir.

 

Satıcıların sözlərinə görə, yaxın müddətdə qiymətlərin daha da artacağı, hətta 20 manata çatacağı gözlənilir. Bu isə həm alıcılar, həm də bazar iştirakçıları arasında narahatlıq yaradıb.

 

Bahalaşmanın səbəbi kimi müxtəlif amillər göstərilir: daxili istehsalın zəifləməsi, idxaldan asılılığın artması, eləcə də yay mövsümünün gətirdiyi əlavə xərclər qiymətlərin yüksəlməsinə təsir edən əsas faktorlar kimi önə çıxır. Maraqlıdır ki, rəsmi statistikada ət istehsalının artdığı bildirilsə də, mütəxəssislər real vəziyyətin fərqli olduğunu deyirlər.

 

Bəs əslində ətin bahalaşmasının kökündə hansı səbəblər dayanır və qiymətlərin 20 manata qədər qalxması ehtimalı nə qədər realdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, ölkədə ət istehsalı zəifdir və bunun müxtəlif səbəbləri var.

 

Onun sözlərinə görə, bu zəifləmə getdikcə davam edir:

 

 

“Düzü, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il ötən ilə nisbətən ət istehsalı artıb, lakin bu sadəcə rəqəmdən ibarətdir. Əgər ölkədə ət istehsalı artsaydı, ət idxalı da artmazdı. Bu göstəricilər həmişə tərs mütənasib olur. Ölkədə istehsal da, idxal da artırsa, bunlardan biri saxtadır. İdxalın saxta olma ehtimalı yoxdur çünki bu idxala görə vergi ödənilir, qeydiyyat aparılır. Heç kim gətirmədiyi ətin rüsumunu ödəməz. Daxili istehsalda isə heç bir vergi yoxdur”. 

 

Ekspert nəzərə çatdırıb ki, isti hava şəraitində ət istehsalının xərcləri artır:

 

“Yay günlərində qapalı şəraitdə saxlanılan ətlik heyvanların xəstəliyə həssaslığı artır, bəzilərini müalicə etmək lazım gəlir, bəziləri isə tələf olur. Ona görə də ətin maya dəyəri yay aylarında artır. Bu səbəbdən qiymətə təzyiq formalaşr. Hesab edirəm ki, havalar soyuyanda qiymətlərə təzyiq də azalacaq. Mal ətinin qiymətinin 20 manat olması isə hələ aktual deyil. Artıq yayın sonudur, havaların mülayimləşməsi prosesi gedir. Mal ətinin qiymətinin 16-17 manat arası diapazonda qalması uzun müddət davam edəcək. Diri heyvanların idxalı da artır. Bazarda diri heyvanların satışı da artacaq. Artıq qəssabxalanarda xarici heyvan ətlərinin satışı müşahidə olunur. İdxal əti pərakəndə satış bazarına ayaq açandan sonra ətin qiymətində müəyyən sabitləşmə müşahidə olunacaq”.

 

Firuzə Əliyeva
Sfera.az