Azərbaycanda mənzillər və evlərin satışından tutulacaq verginin məbləği dəqiqləşib. Fins.az-ın məlumatına görə, daşınmaz əmlakın satışından əldə edilən gəlirdən verginin məbləği əmlakın növündən, ona sahiblikdən və istifadə olunması məqsədlərindən asılıdır. Qeyd edək ki, əmlakın satışı zamanı əldə edilən gəlirdən vergi tutulması Vergi Məcəlləsində (102.1.9-cu maddədə) nəzərdə tutulub. Bir qədər əvvəl Vergilər Nazirliyi bununla bağlı aydınlaşdırıcı məlumat yaymışdı. İndi isə mənzil satışından tutulan verginin məbləği ilə bağlı daha ətraflı məlumat açıqlanıb.
Mənzillərdən vergi 14-25%-lə tutulacaq
Beləliklə, mənzil və evlərin satışı zamanı əldə edilən gəlirdən vergi, fiziki şəxslərin gəlir vergisi formasında tutulacaq. Yəni, 30 min manata qədər gəlir 14%, 30 min manatan artıq hissə isə 25%-lə vergiyə cəlb ediləcək. Məsələn, 50 min manata alınmış mənzil 100 min manata satılırsa, əldə edilən 50 min manat gəlirdən vergi tutulur. Bu məbləğin ilk 30 min manatından 14%-lə vergi tutulur (4200 manat), sonrakı 20 min manat isə 25%-lə vergiyə cəlb edilir (yəni 5 000 manat). Başqa sözlə 50 min manatlıq gəlirdən tutulan vergi 9,2 min manat təşkil edir və s. Mənzil satışından əldə eilən gəlir məsələn 10 min manatdırsa, bu zaman həmin məbləğ 30 min manatdan az olduğuna görə. 14%-lə vergiyə cəlb edilir və 1400 manat vergi tutulur.
Cəmi bir mənzil vergidən azad olacaq
Vergi Məcəlləsinin yuxarıda xatırlanan maddəsində bildirilir ki, vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir vergidən azaddır. Bu isə o deməkdir ki, 3 il ərzində əsas yaşayış yeri olmayan bütün daşınmaz əmlakın satışından əldə edilən gəlir vergiyə cəb edilməlidir. Deməli, mənzil sahibi yaşamadığı evi hətta uzun müddət bundan əvvəl almış olsa da, indi onu satanda vergi ödəməli olacaq.
Bunu nazirlikdə də təsdiqləyirlər. Başqa sözlə, bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların yalnız birinin – yəni vətəndaşın daimi yaşayış yeri olan mənzilin satışı vergidən azaddır. Bir şərtlə ki, həmin mənzil alınandan 3 il sonra satılsın. Şəxsin mülkiyyətində olan digər mənzillərin satışından isə vergi istənilən halda tutulacaq. Hətta alınandan 10 il sonra satılsa da. Başqa sözlə, bir neçə evi olan şəxslər mənzillərin satışı zamanı istənilən halda vergi ödəməli olacaqlar.
VÖEN-i olan vətəndaşlardan vergi necə tutulacaq?
Nazirlikdən verilən məlumata görə, mənzillərin satışından əldə edilən gəlirlərdən vergi tutulması vətəndaşın vergi ödəyicisi kimi vəziyyətindən asılı deyil. Başqa sözlə, vergi ödəyicisi kimi qeydiyyatdan keçib VÖEN əldə etmiş vətəndaş sadələşdirilmiş verginin, ya da ƏDV ödəyicisi ola bilər. Amma mənzil satışından əldə edilən gəlirdən vergi fiziki şəxslər üçün nəzərdə tutulan ümumi qaydada (yəni 30 min manata qədər 14%, onlan artıq məbləğ 25%-lə) vergiyə cəlb ediləcək. Bir şərtlə ki, satılan mənzil sahibkarlıq məqsədləri üçün istifadə edilməmiş olsüun, yəni məsələn kirayə verilməsin. Əgər mənzil kirayəyə verilibsə, onda onun satışından tutulan vergi artacaq.
Mağazaları satanda vergi daha yüksək olacaq
Daşınmaz əmlakın satışı zamanı əldə edilən gəlirdən vergi tutulması qaydası mağaza və digər kommersiya obyektlərinə də aiddir. Amma vergi tutulma qaydası və vergi dərəcələri fərqlidir. Nazirlikdən verilən məlumata görə, məsələn mağazanı satan şəxs iki formada vergi ödəyəcək. Birincisi, satış məbləğindən 18%-lik ƏDV, ikincisi, satış qiymətindəki fərqdən 20% qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən vergi. Başqa sözlə, kommersiya obyektlərinin satışından tutulan vergi mənzillərə nisbətən daha yüksək olacaq. Məsələn, vaxtilə 100 min manat alınmış mağaza 200 min manata satılanda mağaza sahibi iki formada vergi ödəyir. Birincisi, satış qiymətinin 18%-i qədər ƏDV (yəni 36 min manat), ikincisi, yaranmış fərqin 20%-i qədər gəlir vergisi (20 min manat). Nəticədə bu əməliyyatı həyata keçirən şəxs 56 min manat vergi ödəyəcək.