Azərbaycan bankları dolların məzənnəsindəki yeni dəyişikliklərə hazırlaşırlar. Fins.az-ın müxtəlif mənbələrdən əldə etdiyi məlumata görə, böyük ehtimalla sabahdan başlayacaq dəyişiklik bu dəfə məzənnənin enməsi istiqamətində olacaq. Özü də bunun üçün xüsusi bir qərarın qəbul edilməsi vacib deyil – yaranmış vəziyətin özü ABŞ dollarının məzənnəsinin aşağı enməsinə səbəb olacaq.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə fevralın 21-dən ABŞ dollarının məzənnəsi təqribən 34% artırılaraq 78 qəpikdən, 1,05 manata qaldırılıb.
Bu qərarın elan olunmasından sonra əvvəlcə valyutadəyişmə məntəqələrində dollara böyük tələbatın yaranması ilə başlayan ajiotaj sonradan satış şəbəkələrinə keçdi. Artıq bəzi mağaza və satış nöqtələrində qiymətlərin artması müşahidə olunur, bahalaşma özünü həm ərzaq, həm də qeyri-ərzaq mallarında (məişət texnikası, mobil telefonlar, avtomobillər və s) göstərir. Yaxın günlərdə qiymət artımının daha geniş sahələri əhatə edəcəyi ilə bağlı böyük gözləntilər var.
Banklar dollardan imtina edir
Amma mağazalarda bu prosesin yenicə qızışdığı bir vaxtda bank sektorunda ilk baxışda diqqəti çəkməyən fərqli proses başlayıb – ölkə bankları dollar almaqdan imtina edirlər. Nə qədər qəribə olsa da, bu proses dolların bahalaşmasından cəmi 1-2 saat sonra – fevralın 21-də günorta saatlarında başlayıb. Qərarın qəbulundan sonra əhali əlindəki manat vəsaitlərini banklarda dollara dəyişməyə cəhd etdiyindən bütün diqqət bankların dolları satıb-satmamasına yönəlmişdi. Həmin vaxt dolları manata dəyişmək istəyən olmadığına görə, bankların dollar almadığı heç kimin diqqətini cəlb etmirdi. Doğrudur, qısa müddət ərzində dollar qəbul edildi, amma günorta saatlarından sonra dolları manata dəyişmək problemi başladı.
Bilməyərəkdən təsdiqləyiblər
Ən maraqlısı da odur ki, bankların bəziləri bunu bilməyərəkdən rəsmi surətdə təsdiqləyiblər. Belə ki, kommersiya banklarının fevralın 21-22-nə açıqlanan rəsmi məzənnələrində bəzi banklar dolların alış qiymətini göstərməyiblər. Bu – dolların alınmaması deməkdir. Özü də söhbət adi bankdan yox, bank sektorunda baş verəcək proseslər barədə məlumatlıığı ilə seçilən «Bank Respublika» kimi intizamlı bankdan və valyuta bazarına böyük təsirə malik olan «Amrahbank» gedir. Bu iki bankın məzənnələrində alış qiyməti göstərilməyib. Bunu bank əməkdaşlarının diqqətsizliyi kimi qəbul etmək mümkün deyil, çünki, satış qiymətləri dəqiq göstərilib.
Ölkədə dolların məzənnəsi ətrafında ajiotajın davam etdiyi bir vaxtda bu iki bankın dollardan imtina etməsi diqqəti cəlb edir. Amma bu, hələ hamısı deyil. Bu gündən etibarən artıq bu iki bank yox, əksər banklar dollar alınmasını dayandırıblar. Amma bunu rəsmi şəkildə yox, qeyri-rəsmi formada - müxtəlif bəhanələrlə edirlər. Söhbət valyutadəyişmə məntəqələrində baş verən proseslərdən gedir.
Valyutadəyişmə məntəqələrində manat tapılmır
Fins.az-ın əməkdaşının şəhərdəki müxtəlif valyutadəyişmə məntəqələrinə müraciətindən sonra məlum olub ki, məntəqələrdə dollar qəbul edilmir. Məntəqələr dolların qəbul edilməməsini burada manatın qurtarması ilə izah edirlər.
Özü də bu bir neçə bankın yox, çoxsaylı bankların məntəqələrində baş verir. Hazırda bəzi məntəqələrin qarşısında əlindəki dolları manata dəyişmək istəyən müştərilər toplaşıb. Amma bu səbəbi qətiyən ciddi qəbul etmək olmaz. Əvvəla, başqa həftələrdən fərqli olaraq bu həftə banklar şənbə və bazar günü də çalışıblar və kommersiya banklarının öz «exchange»lərini nağd pul kütləsi ilə təminatı ilə bağlı problem olmayıb. İkinci, ən mühüm səbəb isə odur ki, dünən bu məntəqələrə külli miqdarda manat təhvil verilib (dolların alınması üçün). Başqa sözlə, hətta bankdan nağd pul gətirilməsə də, dünən toplanan manatlar indi əhaliyə xidmət göstərmək üçün kifayət etməli idi. Bununla da aydın olur ki, əhaliyə manat satışı süni surətdə dayandırılıb, banklar dollardan bilərəkdən imtina edirlər.
Banklar dolların ucuzlaşmasına hazırlaşırlar
Dolların məzənnəsinin kəskn artırılmasından heç bir sutka keçməmiş bankların dollardan imtina etməsi qəribə görünə bilər. Bunun üçün bir səbəb ola bilər – o da dolların ucuzlaşması ilə bağlı gözləntidir. Yuxarıda sadalanan bütün hallar dolayısı ilə bankların məhz dolların ucuzlaşaağını göstərir. Doğrudan da əgər məsələn sabah dolların məzənnəsi 1,05 manatdan 1,02 və ya 0,98 manat düşəcəksə, bu gün dollar alan banklar itkilərlə üzləşəcəklər. Buna görə də, banklar dolları baha qiymətə almaqdan imtina edirlər.
Manat qıtlığı dolları yenidən ucuzlaşdıracaq
Dolların ucuzlaşacağının əsa səbəblərindən biri də nə qədər qəribə də olsa, dünən ABŞ valyutası ətrafında yaranan ajiotaj olacaq. Məsələ bundadır ki, fevralın 21-də AMB-nin məlum qərarından sonra yaranan ajiotajda əhali əlindəki manat kütləsinin böyük hissəsini dollara çevirdi. Bu proses elə tələskənliklə və panika şəraitində baş verdi ki, insanlar və biznes cari fəaliyyəti üçün nəzərdə tutulan manat kütləsini də dollarla əvəzlədi. İndi isə təşvişin ilk dalğası keçəndən sonra manata tələbat artmağa başlayıb. Ölkədə hesablaşmaların böyük hissəs manatla aparıodığından qarşıdakı günlərdə biznes manata kəskin tələbat duyacaq. Nəticədə bir neçə gün əvvəl alınmış dollar kütləsi yenidən valyutadəyişmə məntəqələrinə qayıdacaq – bu isə məzənnənin aşağı salınmasına səbəb olacaq.
Nəzarət güclənməlidir
Belə vəziyyətdə nəzarət qurumlarının ciddi fəaliyyətindən çox şey asıdır. Onlar dollarla əməliyyatlara imkan verməməli və hesablaşmaların maksimum rəsmi şəkildə və manatla aparılmasına nail olmalıdırlar. Hökumətin isə bu prosesə əvvəlcədən hazırlaşdığını nəzərə alanda şübhə yoxdur ki, vergi və antiinhisar orqanları bununla bağlı ciddi təlimat alıblar.
Başqa sözlə, qarşıdakı həftə dolların məzənnəsinin yüksək psixoloji həddə qalxmasından sonra daha səmərəli səviyyəyə qədər enməsi gözlənilir. Bununla bağlı proqnozlar müxtəlifdir və 90 qəpik – 1 manat arasında dəyişir. Amma istənilən halda dolların 1,05 manata həddində uzun müddət qalması gözlənilmir.
Prezidentin müəyyən etdiyi məzənnə
Nəhayət, bir qədər əvvəl prezident İlham Əliyev manatın məzənnəsi ilə bağlı hökumət qarşısında konkret hədəf qoyub. Dövlət başçısı hökumət və AMB-dən manatın məzənnəsinin avro ilə barəbərləşdirilməsini tələb etmişdi. Prezidentin manatı avro ilə müqayisə etməsini təsadüf saymaq mümkün deyil. Bir qayda olaraq dövlət başçısı tərəfindən verilən belə bəyanatlar ciddi hesablamalara və müvafiq qurumlardan alınmış arayışlara əsaslanır. Manatın avroya bərabər olması ilə bağlı hədəflərin hələ də qüvvədə olduğunu qəbul etsək və indiki məzənnələri nəzərə alanda, 1 manatın 1 avroya bərabər olması, dolların məzənnəsinin 88-89 qəpiyə enməsi deməkdir. Bu proses isə müəyyən qədər uzun müddətə hesablanıb və çox güman ki, 3-6 ay ərzində reallaşdırılacaq.