“Fevralın 7-də keçiriləcək prezident seçkisi beynəlxalq statuslu təşkilatlar tərəfindən diqqətlə izlənilir. Seçkini müşahidə etmək üçün qeydiyyatdan keçmiş beynəlxalq missiyaların kəmiyyəti bu qənaəti daha da artırır”.
Sfera.az xəbər verir ki, bu fikirləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.
Millət vəkili qeyd edib ki, seçki müşahidəçiliyi üzrə tanınmış beynəlxalq qurumlardan olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda fevralın 7-də keçiriləcək pezident seçkiləri üzrə müşahidə missiyasını dekabrın 29-dan etibarən təyin edib: “Eoghan Murphynin rəhbərlik etdiyi missiya uzunmüddətli müşahidəçi qrupu ilə artıq fəaliyyətdədir. Seçkiyə bir neçə gün qalmış qısamüddətli müşahidəçinin gəlməsi də planlaşdırılıb. MDB-dən isə baş katib Sergey Lebedevin rəhbərliyi ilə müşahidəçilər missiyası formalaşdırılıb. Paralel olaraq MDB PA-da təmsil olunan 9 dövlətin nümayəndəsi də seçkiləri müşahidə edir. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, indiyədək 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən beynəlxalq müşahidəçilər akkreditasiyadan keçiblər. Bu o deməkdir ki, 7 fevral seçkisi yetərli qədər beynəlxalq müşahidə missiyası ilə əhatə olunub".
Arzu Nağıyev bildirib ki, bu təsisatların 7 fevral seçkisini müşahidə etmələri mühüm bir məsələdir: “Azərbaycan regionun lider dövləti kimi həmişə beynəlxalq diqqət mərkəzində olub. Qarabağ zəfərindən sonra isə ölkəmizə qarşı maraq daha da artıb. Beynəlxalq təşkilatların müşahidəçiliyi ilə demokratik şəraitdə keçirilən 7 fevral seçkisi ölkəmizin mövqelərini bir daha möhkəmləndirəcək”.