MÜSAHİBƏ

10 Fevral

CAREC Azərbaycan da daxil olmaqla ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

Finss.az - Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin və kapitalın hərəkəti üçün hüquqi bazanın formalaşdırılmasına yönəlmiş Ticarət və İnvestisiya Prosedurlarının Sadələşdirilməsi Sahəsində Tərəfdaşlıq Sazişi (CARTIF) üzrə danışıqlara başlamağı planlaşdırır.

“Asiya İnkişaf Bankı”nın (ADB) saytında dərc olunan məqaləyə istinadən bildirilib ki, CARTIF-in əsas məqsədi transsərhəd ticarət və investisiyaların inkişafını dəstəkləyən inklüziv, şəffaf və çevik regional iqtisadi tərəfdaşlığın yaradılmasıdır.

Məlumata görə, 2015–2024-cü illərdə CAREC ölkələrində regiondaxili mal ixracının həcmi iki dəfədən çox artsa da, regionun ümumi xarici ticarət dövriyyəsində regiondaxili ticarətin payı demək olar ki, dəyişməyərək təxminən 6 faiz səviyyəsində qalıb.

Hesabatda qeyd olunur ki, CAREC ölkələrində transsərhəd investisiya axınları qeyri-bərabər olub. Araşdırılan dövrdə birbaşa xarici investisiyaların xalis axını Monqolustan, Pakistan və Özbəkistanda artıb, regionun əksər digər ölkələrində isə azalıb.

CAREC-in Azərbaycan, Qazaxıstan və Özbəkistanda tranzit ticarətinin sadələşdirilməsi üzrə tədqiqatları, eləcə də ADB-nin CAREC dəhlizləri boyunca ticarət prosedurları və nəqliyyat xidmətlərinə dair icmalı göstərir ki, tranzit ticarəti və beynəlxalq daşımaları çətinləşdirən hüquqi, normativ, institusional və infrastruktur maneələr hələ də qalmaqdadır.

Müəlliflərin fikrincə, mövcud məhdudiyyətlər xarici iqtisadi fəaliyyət iştirakçıları üçün xərcləri və qeyri-müəyyənliyi artırır. Bu isə CAREC ölkələrinin qalan maneələrin aradan qaldırılması istiqamətində səylərini gücləndirməsinin vacibliyini göstərir. Empirik qiymətləndirmələr transsərhəd ticarət və investisiyaların sadələşdirilməsinin, xüsusilə dənizə çıxışı olmayan ölkələr üçün əhəmiyyətli iqtisadi faydalar verə biləcəyini ortaya qoyur.

CARTIF sazişi malların, xidmətlərin və kapitalın sərhədlərarası hərəkəti ilə bağlı geniş siyasət sahələrini əhatə edir. Sazişə sanitar və fitosanitar tədbirlər, ticarətdə texniki maneələr üzrə dərinləşdirilmiş əməkdaşlığı nəzərdə tutan “ÜTT-plus” elementləri, eləcə də investisiya prosedurlarının sadələşdirilməsi, rəqəmsal ticarət və təchizat zəncirlərinin əlaqəliliyi ilə bağlı “ÜTT-ekstra” müddəalar daxildir.

Sazişin əsas üstünlüklərindən biri çevik modul strukturudur. Məcburi çərçivə sazişi və ilkin protokollar qüvvəyə mindikdən sonra bütün iştirakçı ölkələrə şamil olunacaq, əlavə protokollar isə sonrakı mərhələlərdə razılaşdırıla biləcək.

CARTIF çərçivəsində nazirlər şurası, yüksək vəzifəli şəxslər şurası, ticarət və investisiyalar üzrə regional komitə və katiblikdən ibarət institusional mexanizmin yaradılması nəzərdə tutulur. Saziş, həmçinin məsləhətləşmələrə və qarşılıqlı razılaşmaya əsaslanan, şəffaf və qaydalara söykənən mübahisələrin həlli mexanizmini ehtiva edəcək.

Qeyd edək ki, 2025-ci il noyabrın 20-də CAREC Proqramının 24-cü Nazirlər Konfransında CARTIF üzrə danışıqlara rəsmi start verən Bişkek Bəyannaməsi qəbul edilib.