Finss.az - Qərbi Avropa fond bazarları çərşənbə axşamı ticarəti qarışıq nəticələrlə başa vurub.
Avropanın aparıcı şirkətlərini birləşdirən Stoxx Europe 600 indeksi günü 0,1% artımla tamamlayıb.
Əsas milli indekslərdən Britaniyanın FTSE 100, Almaniyanın DAX və Fransanın CAC 40 indeksləri cüzi gerilədiyi halda, İtaliyanın FTSE MIB və İspaniyanın IBEX 35 indeksləri artım göstərib.
Sessiya ərzində ən güclü artım mədən sektorunda qeydə alınıb. Anglo American, Fresnillo, Antofagasta, BHP, Rio Tinto və Glencore kimi iri şirkətlərin səhmləri 3–7% aralığında bahalaşıb. Analitiklər bunu xammal sektoruna marağın artması ilə əlaqələndirir.
Siemens Energy səhmləri şirkətin ABŞ-da enerji infrastrukturu və qaz turbinləri istehsalının genişləndirilməsinə 1 milyard dollar investisiya planını açıqlamasından sonra təxminən 5% yüksəlib.
Əksinə, texnologiya sektorunda satış dalğası müşahidə olunub. SAP, ASML, STMicroelectronics və Infineon kimi şirkətlərin səhmləri ucuzlaşıb.
İnvestorların diqqəti bu həftə İngiltərə Bankı və Avropa Mərkəzi Bankının iclaslarına yönəlib. Bazarda faiz dərəcələrinin sabit saxlanacağı gözləntiləri üstünlük təşkil edir.
Makroiqtisadi statistikada isə Fransada inflyasiyanın yanvarda son dörd ilin minimumuna enməsi diqqət çəkib. Bu göstərici Avrozonada qiymət təzyiqlərinin zəifləməsinə işarə kimi qiymətləndirilir.
