MÜSAHİBƏ

02 Fevral

Avropa birjaları həftəni artımla başa vurdu

Finss.az - Qərbi Avropanın əsas fond indeksləri cümə günü yüksələrək həftəni müsbət zonada tamamlayıb.

İnvestorların diqqəti açıqlanan makroiqtisadi göstəricilərə və iri şirkətlərin maliyyə hesabatlarına yönəlib.

Ümumavropa indeksi Stoxx Europe 600 günü 0,64% artımla 611 bənddə bağlayıb. İndeks həftə üzrə ümumilikdə 0,4% yüksəliş göstərib.

Aparıcı milli indekslər üzrə dinamika belə olub:

  • Böyük Britaniyanın FTSE 100 indeksi – 0,51% artıb

  • Almaniyanın DAX indeksi – 0,94% yüksəlib

  • Fransanın CAC 40 indeksi – 0,68% artıb

  • İtaliyanın FTSE MIB indeksi – 1% qalxıb

  • İspaniyanın IBEX 35 indeksi – 1,66% bahalaşıb

Avrozonada iqtisadi artım gözləntiləri üstələdi

Açıqlanan ilkin məlumatlara görə, avrozonada ÜDM dördüncü rübdə əvvəlki rüblə müqayisədə 0,3%, illik ifadədə isə 1,3% artıb. Bu nəticə analitiklərin proqnozlarını üstələyib — bazar artımın müvafiq olaraq 0,2% və 1,2% olacağını gözləyirdi.

Almaniya iqtisadiyyatı da proqnozlardan daha yaxşı nəticə göstərib. Ölkənin ÜDM-i rüblük müqayisədə 0,3% artıb (proqnoz: 0,2%). İllik artım 0,4% təşkil edib ki, bu da son üç ilin ən yüksək göstəricisi sayılır.

İspaniyada ÜDM rüblük 0,8%, illik 2,6%, Fransada isə müvafiq olaraq 0,2% və 1,1% artım göstərib.

Avrozonada işsizlik səviyyəsi dekabr ayında 6,2%-ə enib. Almaniyada isə işsizlik 6,3% səviyyəsində sabit qalıb və bu göstərici 2020-ci ilin sentyabrından bəri maksimum hesab olunur.

Fransada istehlak xərcləri dekabrda aylıq müqayisədə 0,6% azalıb. Analitiklər azalmanın 0,4% olacağını proqnozlaşdırırdılar.

Şirkət səhmlərində kəskin hərəkətlər

Stoxx Europe 600 indeksində ən çox bahalaşan şirkət Fransanın mühəndislik şirkəti Alten olub — səhmlər 16,8% artıb. Günün ən böyük enişi isə Niderlandın işıqlandırma sistemləri istehsalçısı Signify (-17,2%) tərəfindən qeydə alınıb.

Almaniyanın adidas şirkətinin səhmləri 3,9% bahalaşıb. Şirkət 2025-ci ildə rekord satışlar əldə etdiyini açıqlayıb və 1 mlrd avro həcmində səhmlərin geri alınması proqramını elan edib.

İsveçrənin Swatch Group şirkətinin səhmləri 13,4% yüksəlib. Şirkətin illik EBIT göstəricisi bazar gözləntilərindən aşağı olsa da, gəliri proqnozu üstələyib.

Kredit büroları operatoru Experian yeni 1 mlrd dollarlıq buyback proqramını açıqladıqdan sonra səhmləri 2,3% artıb.

İsveçin məişət texnikası istehsalçısı Electrolux dördüncü rübdə xalis mənfəətin üç dəfədən çox artdığını açıqladıqdan sonra bazar dəyərini 14,6% yüksəldib.

İspaniyanın CaixaBank bankının səhmləri də rüblük hesabat fonunda 6,8% bahalaşıb.

Frankfurt birjasında SAP səhmləri 3,6%, Paris birjasında isə Eurofins, Societe Generale, Sanofi, CapgeminiStellantis səhmləri 2%-dən çox artım göstərib. Paris və Frankfurt bazarlarında iri şirkətlər arasında 1%-dən çox ucuzlaşma qeydə alınmayıb.