Avropa İttifaqı (Aİ) və Hindistan azad ticarət sazişi üzrə danışıqların uğurla başa çatmasına çox yaxınlaşıb. Bu barədə bazar günü Avropa Komissiyasının ticarət üzrə üzvü Maroş Şefçoviç məlumat verib.
Onun sözlərinə görə, tərəflər danışıqlarda ciddi irəliləyiş əldə ediblər və bu, sazişin yaxın vaxtlarda imzalanacağına ümid yaradır.
“Əminliklə deyə bilərəm ki, azad ticarət sazişi üzrə danışıqlarımızın uğurla yekunlaşmasına yaxınlaşırıq”, – deyə Şefçoviç Hindistanda keçirilən danışıqlar zamanı X sosial şəbəkəsində yazıb.
Gözlənilir ki, saziş artıq gələn həftə imzalana bilər. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yanvar ayında bu sazişi “istehlakçı əhatəsinə görə tarixi və misilsiz” adlandıraraq, onun həm Avropa İttifaqı, həm də Hindistan üçün strateji əhəmiyyət daşıdığını vurğulamışdı.
Ekspertlərin fikrincə, Aİ ilə Hindistan arasında azad ticarət sazişi qarşılıqlı ticarətdə maneələrin azalmasına, bazarlara çıxışın asanlaşmasına və iki iri iqtisadi məkan arasında ticarət dövriyyəsinin artmasına təkan verə bilər.
