Azər Türk Bankın 01 yanvar 2026-ci il tarixinə aktivləri 2,2 milyard manat səviyyəsində olmuş, kredit portfelinin həcmi isə 787,4 milyon manat təşkil etmişdir. Qeyd edək ki, kiçik və orta biznes (KOB) subyektlərinə verilən kreditlərin həcmi ötən dövrlə müqayisədə 32,5%, istehlak kreditləri 11% artmışdır.
Finss.az xəbər verir ki, 2025-ci ildə Bankın gəlirləri 13% artaraq, 165 milyon manat, xərcləri 155 milyon manat, əməliyyat mənfəəti 22 milyon manat səviyyəsində olmuşdur. İl ərzində Azər Türk Bank 10 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcminə gəldikdə isə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12% artımla 110,8 milyon manat olmuşdur. Azər Türk Bankın nizamnamə kapitalının həcmi 100,5 milyon manatdır
Hesabat dövrü ərzində Bankın depozit portfelinin həcmi 1,6 milyard manat təşkil etmişdir ki, bu da ötənilki göstəricidən 7% çoxdur. 2025-ci ildə əhali tərəfindən banka 232 milyon manat əmanət qoyulub.
Bank tərəfindən il ərzində 2820 POS-terminal və təmassız əməliyyatları dəstəkləyən yeni nəsil 18 ATM müştərilərin ixtiyarına verilməklə, bu xidmət avadanlıqlarının sayı müvafiq olaraq, 7713 və 83 ədəd olmuşdur Bankomatlarda bütün növ kartlar üçün təmassız funksiya aktivləşdirilib. Ən başlıcası, bu unikal cihazlarda smartfon vasitəsilə də əməliyyatlar aparmaq mümkündür.
Ötən il Bank və “Visa” Beynəlxalq Ödəniş Sistemi arasında rəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.
Sənədə əsasən Visa beynəlxalq təşkilatının rəqəmsal bankçılığın inkişafı istiqamətində ərsəyə gətirdiyi yeni həllər tətbiq üçün ilkin olaraq Azər Türk Banka təqdim edilir.
Həmçinin, keçən ildən etibarən Bank dünyanın aparıcı ödəniş şəbəkələrindən biri olan UnionPay International beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətə başlamışdır. UnionPay brendi ilə tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni satış imkanları əldə etməsinə kömək edir.
Qeyd edək ki, 2025-ci ildə Azər Türk Bankın nümayəndələri Frankfurt şəhərində keçirilən Sibos forumunda iştirak etmişlər. Bankın bu nüfuzlu forumda iştirakı qlobal maliyyə icması ilə açıq dialoqa və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə sadiqliyini göstərir. Bununla yeni əməkdaşlıq imkanları açılır və strateji kursun əsas istiqamətlərindən biri olan Bankın beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilir.
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azər-Türk Bank” ASC-nin səhmlərinin 51 % hissəsini əldə edərək bankın yeni səhmdarı olub. Bununla da Bank öz inkişafının yeni fazasına daxil olmuşdur.
Görülən işlərin nəticəsi olaraq, beynəlxalq reytinq agentliyi "SP Global Ratings" "Bankın uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini "B+/B" səviyyəsində, sabit proqnozla təsdiqləyib.

